
Həbs edilmiş iş adamı Abdulla Abdullayevin vəkili Əkbər Bağırov aprelin 16-da “Media forum” saytına açıqlama verib.
O bildirib ki, ayın 15-i Bakı İstintaq Təcridxanasında Abdulla Abdullayevlə görüşüb: “Abdulla müəllimin səhhəti yaxşıdır, saxlanma şəraiti normaldır, ona görə də saxlanma şəraitindən heç bir şikayəti yoxdur. İrəli sürülən ittihama gəlincə, biz hesab edirik ki, bu işdə cinayət tərkibi yoxdur. Bu, mülki işdir və bizim fəaliyyət istiqamətimiz onunla bağlıdır ki, bunu istintaqa sübut edək”.
Vəkil qeyd edib ki, o, Abdulla Abdullayevlə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət məsələsini də müzakirə etmək fikrindədir.
Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.
Qaynar.info