Ölkə 14:24 17.02.2023

AMEA-da növbəti qalmaqal: "Dedi ki, sizi həbs etdirəcəm" (VİDEO)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva cinayət məsuliyyətinə cəlb olunub. Məlumata görə, Səbuhi Hüseynov vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış 92 min manat mənimsəyib. Onun bu cinayət əməlini İnstitutun kadrlar şöbəsinin müdiri işləmiş həyat yoldaşı Gülüstan İsayeva ilə birlikdə törətdiyi bildirilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Səbuhi Hüseynov bu itthamların yalan və sifarişli şəkildə hazırlandığını deyir.

Səbuhi Hüseynovun sözlərinə görə, yoldaşı Gülüstan İsayeva işə qəbul olunduqdan sonra İnsititun sabiq direktoru Maisə Rəhimova, İnsititun hazırkı baş direktoru Abbas Seyidov və elmi katib Akif Quliyev 2022-ci ilin mart ayında tarixçi alimdən və həyat yoldaşından şikayət ediblər.

İddiaların doğru olub olmadığını öyrənmək üçün üz tutduq AMEA-ya. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan bildirildi ki, hazırkı baş direktor Abbas Seyidov səhhəti ilə bağlı işdə deyil. Elmi katib Akif Quliyev isə Səbuhi Hüseynovun iddialarının əsassız olduğunu dedi:

Akif Quliyev deyir ki, Səbuhi Hüseynovla bağlı hadisələr baş verdiyi zaman Abbas Seyidov direktor vəzifəsində çalışmayıb.

Səbuhi Hüseynovun ittiham etdiyi hüquqşünas Fəxrəddin Gözəlovla əlaqə saxlamaq istəsək də telefonlarımıza cavab vermədi.

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səbuhi Hüseynov və Gülüstan İsayeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.Cinayət işi üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq.

Mənbə: APA TV