"AMEA ilə bağlı verilən fərman həm Azərbaycan təhsili, həm də xalqına mühüm töhfələr verəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. O bildirib ki, dövlət başçısı tərəfindən müvafiq fərmana əsasən Azərbaycanda mövcud olan Təhsil Nazirliyinin adı dəyişərək artıq Elm və Təhsil Nazirliyi adlandırılıb:
"Nəticə etibarl ilə Milli Elmlər Akademiyasının müəyyən səlahiyətləri, eyni zamanda tabeliyində olan 30-dan çox institutun Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsi barədə qərar qəbul olundu. Bir hissə qurum isə Mədəniyyət Nazirliyinin nəzdinə verildi”.
Burada çalışan əməkdaşların taleyi necə olacaq?
Elçin Əfəndi AMEA-da çalışan əməkdaşların tabe olduqları qurumlarda öz fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb:
"Qarşıdakı dövrdə müvafiq islahatların davamı olaraq sertifikasiya, diaqnoztika, atestasiya və s. adlar altında zamanla öz yerini tapacaq. Amma hələ ki, bazada olan əməkdaşlar olduğu kimi saxlanılır. AMEA-ın taleyinə gəldikdə isə müvafiq olaraq qurum kimi yerindədir, sadəcə, onu bir ağaca bənzətsək, qolu-budağı budanmış bir ağac funksiyasını yerinə yetirir. Tədricən bu ad, keçmiş SSRİ-dən qalan idarəetmə, funksionallıq aradan qalxacaq. Çünki bir neçə müddətdən sonra artıq Elmər Akademiyasını yeni yaradılacaq bir universitet əvəz edə bilər. Qaldı ki bu islahatların zərurətinə, əlbəttə, təhsil sahəsində islahatlar həyata keçirilməli idi”.
Ekspert deyir ki, AMEA-da idarəetmə elə həddə çatdırılmışdı ki, sanki ayrıca bir muxtariyat idi, nazirliyə tabe deyildi və özü qərarlar qəbul edirdi:
"Bu, belə olmamalı idi. Son illərə baxanda biz AMEA-nın elmi, texnoloji sahəsində hər hansı uğurlu nəticələrini görmürük. Yalnız AMEA dillərə düşdü, hansı prezidentlərin idarə etdiyi dövrdə müəyyən siyasi məsələlərlə gündəmə gəldi, yaxud da orfoqrafiya lüğətində edilən dəyişiklərlə dastana çevrilirdi. Amma biz AMEA-nı yeniliklə yadda saxlamalı idik. Yeniliklərin olması üçün belə islahatlara ehtiyac vardı. Düşünürəm ki, qarşıdakı dövr ərzində yeni yaradılmış agentliklərin hərəsinin öz istiqaməti müəyyən olunacaq. Biz artıq həmin agentliklə işlər aparacağıq. Burada nazirliyin yükü bir qədər azalır. Amma ümumi götürsək, AMEA-ın tabeliyində olan institutlarda çalışan əməkdaşlara orada bürokratik əngəllər yaradılırdı. Artıq düşünürəm ki, elmi işlərini həyata keçirə bilməyən alimlər inkişaf edə biləcəklər”.
Bahar Rüstəmli
Şərhlər