Nazlı Ağayeva
Qəbələdən Bakıya çıxıram bir gün. Paytaxt xalturşikləri dayanan körpünün üstünə getmək üçün "Çöl yol” dediyimiz magistralda taksi gözləyirəm. Orta sürətlə gələn bir RAF məni ötüb azca qabaqda dayanır. Fikir vermirəm. Sürücü şüşəni salıb "Bakıya gedirsən, bibi?” - deyə soruşur. O qədər yumşaq, mehriban səsi var ki, "yox” deyə kəsdirib ata blmirəm. "Hə”nin də bir ətək izahı var.
Məsələn, "Getməyinə Bakıya gedirəm, a bala. Amma on il əvvəl bir dəli qudurmuş qəza törədib bütün həyatımı kökündən dəyişdi. Ayağımı guya "kapitalnı” yığdılar, qalan yerlərimə o yığımın tökülüb-düşənindən miyanə əl gəzdirdilər. O vaxtdan qəza vəziyyətindəyəm. İndi adam kimi ağzımın içindəki bu RAF-a minib getməkdənsə, körpünün üstündə müştəri müharibəsinə çıxan xalturşiklərə təslim olmalıyam. Onlar da məni öz aralarında bölüşdürüb "indi çıxan münasib maşının” qabaq oturacağına yerləşdirəcəklər. Üzüyumşaq olduğumdan yarım saatdan artıq həmin "münasib maşında” gözləyəcəm. Sonra sürücü yaxınlaşıb ərklə deyəcək ki, bibi, bir tərbiyəsiz donuz oğlu var, qabaq yer olmasa, getmərəm, deyir. Ona ilişib qalmışıq. "Sən oxumuş adamsan” və sairə sağlıqları gözləməyib qatlanmayan ayağımla keçib arxada oturacam. Yola düşəndən bir az sonra görəcəm ki, sürücü həmin tərbiyəsiz donuz oğlunun doğmaca əmisidir. Ailə söhbətləri ara verən kimi oturacağın cüzi qabağa çəkilməsi ilə edəcəyim xahişə ehtiyac qalmır.
Təyyarəyə tələsən yol yoldaşımız təki tez çataq deyə ayağımı öz tərəfinə keçirir ki, belə boş şeylərə vaxt itməsin. Və sairə bu kimi təəssüratlar...
Şəkili gənc üzümdən-gözümdən nə anladısa, düşüb məni RAF-a qaldırdı. "Bibi ayağını ayaqqabılı uzat, maşını onsuz da çatan kimi təmizlətdirirəm”, - deyib məni qoşa oturacaqda tək otuzdurdu. Hipnoz olmuşlar kimi çantamdakı boş sellafonu sərib ayağımı uzatdım.
O qədər rahat idim ki, Şamaxıya nə zaman çatdığımızı yalnız maşın boşalanda bildim. Yol yoldaşlarımın arasında qadın qismi yox idi. Kişilər siqaretlərini çəkib qayıdana qədər sövq-təbii ətrafa göz gəzdirdim. Çinar ağacının kökünə qısılıb xəzəllərin arasından güclə görünən balalarını əmizdirən bir it gördüm. O qədər arıq idi ki, qabırğalarını şüşənin bu tərəfindən saya bilərdim. Düşüb ona bir şey almaq lazımdı. Çantamdan pul götürən əlim yumşaq bir şeyə toxundu. Anamsız uzun illərdən sonra ilk dəfə çörək götürmüşdüm. Həmişə istəmədiyimə, yemədiyimə rəğmən, o qoyardı. Qaytarıb gətirəndə də "səndə ağız hardadı, yeyib adama oxşayasan” deyə məni danlayıb çörəyi itə-pişiyə verərdi. O gün də o çörək o itin qisməti imiş yəqin. Yoxsa normal süfrədə düz-əməlli bir şey yeməyən adam arasının soyutması ilə bütöv bir çörəyi üç saatlıq yola niyə götürsün ki?
Pəncərəni bir neçə dəfə açıb-bağlayandan sonra səsi fərq edən it, balalarını xəzəllərin arasında gizlədib pəncərəyə yaxınlaşdı. Yazıq necə ac idisə kəsib hazırladığım tikələrin hamısını havada qapırdı. Mən də səhərdən ac olduğumu xatırlayıb çantamda özümə xırda bir loxma saxlamışdım. Son tikədən sonrakı uzun fasilədə yeməkdən ümidini kəsən it bir az aralıda oturub kədərli gözlərini uzaqlara zillədi. Bəlkə qovulmaqdan, azdırılmaqdan əvvəl yaşadığı bir həyəti, o həyətdə keçən ömrünü xatırlayırdı. Bəlkə əksinə, çöllərdə doğulduğunun, heç vaxt bir evi, bir həyəti olmadığının xiffətini çəkirdi. Mahiyyətcə ikisi eyni şeydi və bundan betərləri də istisna deyildi. Bütün hallarda daha baxmağa ürək eləməyib, gözlərimi o itin indicə ağlayacaqmış kimi sulanmış gözlərindən çəkdim.
Motor işə düşəndə oturduğu tərəfə qeyri-iradi gözüm sataşanda canım titrədi. Heyvanın bütün varlığı mənim pəncərəmə dikilmişdi. Xəzəlin altındakı yavrular olmasaydı, nəfəsi kəsilənəcən arxamızca qaçacaqmış kimi isti baxışları vardı. Həyatımızın haralarındasa qədər ortağı olduğumuzdanmı bu qədər yaxın gəlmişdim ona, yoxsa sadəcə xislət idimi? Nə vaxt çantamdakı son tikəni götürüb ayağa qalxdığımı bilmədim. Ayağımı çəkə-çəkə qapıya gedəndə sürücü əlimdəki çörəyi götürüb yerə hoppandı. Loxmanı itin qabağına qoyar-qoymaz məni göstərərək əllərini göyə qaldırıb ucadan dilləndi:
- Qurban olum, ay allah, savabını o bibiyə yaz, bayaq da xeylax vermişdi...
Vəssalam, şirin Şəki ləhcəsində deyilmiş bircə cümlə ilə bütün gərginliklər yumşaldı. Yalnız o itin gözlərindəki qüssə çəkilib getmədi. İt olmağın da belə işləri var, dostum. Ömür bitər, əzab bitməz...
P.S. Ölkədə az qala hər kəsin boyat namizədləri dondurub Amerika prezidenti, İran generalı barədə mülahizələr yürüdərək proqnozlar verdiyi vaxtda mənim gücüm yenə bəsit həyat hekayətlərinə çatdı. Avamlığıma yazın, mövcud labirintdə hara getsəm, özümə çıxıram...