Xəbər lenti

AMİ-nin Mingəçevir Filialında nə baş verir? - VİDEO
Ölkə10:50 22.09.2014

AMİ-nin Mingəçevir Filialında nə baş verir? - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"18 sentyabr 2014-cü il tarixində “Qaynar.info” saytında Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının əməkdaşı Zoya Süleymanovanın dərc olunmuş müraciəti ilə əlaqədar nəzərinizə çatdırırıq ki, buradakı fikirlər həqiqəti əks etdirmir".

Bu barədə Qaynar.info-nun elektron ünvanına AMİ-nin Mingəçevir filialından daxil olan məlumatda bildirilir. Ali məktəbin kollektivi adından göndərilən məlumatda Zoya Süleymanovanın mediada səsləndirdiyi iddialar təkzib edilir. 

Məlumatda qeyd olunur ki, 2000-ci ildən fəaliyyət göstərən AMİ-nin Mingəçevir filialına 2014/2015-ci tədris ilində qəbulun verilməməsi,  fərdi maliyyələşmə prinsipi ilə idarə olunan filialda struktur dəyişkiliyinin həyata keçirilməsini labüd edir: " Filialda kitabxanaçı ştatında işləyən Z.Süleymanova 1997-ci ildə  Mingəçevir Politexnik İnstitutunun “Mühəndis iqtisadiyyatı” ixtisasını bakalavr pilləsi üzrə bitirmişdir. İşlədiyi müddətdə hazırkı rəhbərliklə  heç bir münaqişəsi olmamışdır. Buna görə də hesab edirik ki, birdən-birə Z.Süleymanovanın belə bir “kəskin emosiyalı” çıxışı xüsusi sifarişdən başqa bir şey deyildir. Çünki problemlə bağlı kitabxana müdiri Solmaz Əliyeva ilə əlaqə saxlanılıb. O isə iddia ilə bağlı bildirir ki, bu il filiala tələbə qəbulunun olmaması ilə bağlı ixtisarların olması ehtimalı normal haldır. Filialın profilinə  uyğun gəlməyənlərdən öz ixtisasına uyğun iş tapanlar olsa, bu yaranmış çətinliyi aradan qaldırmağa xeyli kömək edər. Z.Süleymanova növbəti əmək məzuniyyətində olduğu üçün onunla  telefon əlaqəsi saxlayan S.Əliyeva söhbət əsnasında kitabxana strukturunda da dəyişiklik ola biləcəyini demişdir. Lakin konkret ad çəkilməmişdir".

"Müraciətdə əvvəlki rəhbərliklə bağlı söylənilən fikirlər haqqında onu qeyd etmək olar ki, “bunu “ arxadan atılmış daşa bənzətmək olar. Əgər Z.Süleymanovanın  hüquqları 2008-ci ildə pozulmuşdusa, nəyə görə o, məhz indi öz hüquqlarını müdafiə etmək fikirinə düşür? Görünür ki, burada əsas məqsəd ixtisarla bağlı “həyəcan” hissini büruzə vermək deyil, filialda qarışıqlıq yaratmaq cəhdidir. Z. Süleymanova özü də bilmədən bu cəhdin növbəti qurbanı olmuşdur. Əlavə olaraq qeyd etmək istərdik ki, Zoya Sülemanovanın sosial vəziyyətini daha da yaxşılaşdırmaq məqsədilə son bir il ərzində 4 dəfə (230 manat məbləğində) ona  maddi yardım edilmiş və hər ay ona əmək əmək haqqına 30 manat məbləğndə əlavə maaş verilir. Məhz ailə vəziyyətindəki çətinliyə görə ona həmişə xüsusi  diqqət yetirilmişdir. Hazırda filialda mövcud olan işgüzar mühit, şəffaflıq, səmərəli tədris fəaliyyəti  bu “sifarişli süjetdə” filialın və onun hazırki rəhbərliyinin ünvanına deyilənləri tam təkzib edir. Biz filialımızın ünvanına deyilən bu məsuliyyətsiz fikirlərdən çox narahatıq. Bunu filialda görülən müsbət işlərə qara yaxmaq, kollektivin birliyini pozmaq, müəyyən dairələrdə fikir çaşqınlığı yaratmaq cəhdi kimi qiymətləndiririk və filialımız haqqında məsuliyyətsiz bəyanatların efirə verilməsinə qəti etirazımızı bidiririk", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bir neçə gün öncə AMİ-nin Mingəçevir Filialının əməkdaşı Zoya Süleymanova ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya müraciət edib. 

Vətəndaş filialın direktoru Orucəli Rzayev tərəfindən mənəvi təzyiqlərə məruz qaldığını, rüşvət vermədiyinə görə işdən azad edildiyini iddia edir. Himayəsində azyaşlı uşağın olduğunu bildirən və özünün də xəstə olduğunu deyən vətəndaş ölkə başçısından kömək istəyib.

Daha ətraflı videosujetdə...

Qaynar.info