Rejissorluğunu Woddy Allen-in etdiyi “Parisdə gecə yarısı” adlı filmdə Gil Pender deyə gənc bir yazarın Ernest Heminqueylə belə bir dialoqu keçir.
Gil Pender: Mən səndən çox böyük bir yaxşılıq istəyə bilərəm? Heminquey: Nədir o? Gil Pender: Oxuyarsanmı? Heminquey: Romanınımı? Gil Pender: Bəli. Təxminən 400 səhifədir və mənim sadəcə bir fikrə ehtiyacım var. Heminquey: Fikrim budur. Nifrət etdim. Gil Pender: Amma hələ heç oxumamısan?! Heminquey: Pisdirsə, pis ədəbiyyatdır deyə nifrət edərəm. Yaxşıdırsa, qısqanclıqdan nifrət edərəm. Əsla bir yazarın fikrini soruşma heç vaxt. Yazarlar rəqibdir! Əgər sən bir yazarsansa, ən yaxşı yazar olduğunu iddia etməlisən! Amma mən varkən deyilsən! Yoxsa bunu boks əlcəkləri geyinib həll edərik.
Yaxınlarda ədəbi bir saytın sahibəsi (redaktoru yox, məhz sahibəsi) xanıma yazdım ki, sizin sayta yazı vermək istəyirəm. Çox mədəni, incə münasibət göstərdi, hərtərəfli anlaşdıq. Xanım sahibə yazıları redaktorlarına göndərməmi söylədi. Mən də həmin o dəfələrlə məni birşeylər içməyə dəvət edən redaktora yazdım ki, bəs rəhbərinizlə söhbət etmişəm, sizə yazı göndərəcəm. Deyəsən nəsə içməməyim xətrinə dəymişdi. Oxuyub nə cavab yazdı, nə də mən həmin xanıma redaktorlarının məni keç, ona olan sayqısızlıq və harınlamağından yazmadım. Çünki mənim üçün yazı yalnız maddiyyat deyil, sənə göstərilən münasibət qədər üstündür.
Və bir incə məqama toxunmaq istəyirəm. Həmin redaktorun özü də yazardır. Amma mən hələ indiyədək onun bir köşə yazısını oxumamışam. Pis yazır, bəyənmirəm deyə oxumamışam yox e, adam ümumiyyətlə yazmır ki, heç olmasa başqaları filankəsin yazısıdır deyə paylaşanda gözümə sataşa, oxuyam, ya oxumayam. Bircə bir romanının adını eşitmişəm. O da Azərbaycan xalqının seksual mövzularda yanıqlı olması səbəbiylə, romanın adında öpüşmək sözü vardı deyə. Bir də öz saytından romanın reklamı bir il yığışdırılmadı, inanın səmimiyyətimə. Romanın içinin pis və ya yaxşı olduğunu deyə bilmərəm. Nə mən oxumamışam, nə də oxuyan biri ilə rastlaşmamışam, kiminsə ağzından eşidəm.
O incə məqamı tutanları bağrıma basıb, tutmayanlar üçün açmaq istəyirəm.
Axı bir yazar necə özü bir saytın redaktoru ola bilər? Sayt redaktoru tənqidçi, jurnalist də olar, amma yazar olmaz. Əvvəla ona görə ki, yazarlarda istedad paxıllığı olur. Əgər sən babat yazırsansa, bunu həzm edib səni önə çıxarmaz, əksinə başından basarlar. Amma jurnalist, tənqidçi redaktor olanda o sadəcə bir maraq güdür, mənim saytım öndə olsun, səviyyəli, bol oxucu kütləsi olsun, vəssəlam. Bunun üçün də ətrafına bu yazar dostumdu, o qonşumdu deyə yığmır. İşini bilən, istedadlı adamları başına toplayır. İkincisi də, misal üçün, təsəvvür edin ki, hansısa sayta yazı göndərirsiniz. Onun da redaktoru bir yazardır. Sizin yazınızın yayımlanması günlərlə gecikir (başıma gəlmiş hadisədir) və növbəti həftə baxırsınız ki, sizin göndərdiyiniz yazıdakı mövzudan ilhamlanıb həmin yazar o mövzunu başqa cür yazıb. Yəni ideyanız oğurlanır. Bəlkə, bəli, səndən yaxşı yazıb, daha gücləndirilmiş formada. Amma axı bu sizin əməyiniz, sizin beyin məhsulunuzdur.
Bəxtim onda gətirib ki, hələ indiyə qədər bir yazar qarşısında gözü kölgəli deyiləm. Hələ indiyə qədər sağ olsun, biri məni "bu qız nəsə yaza bilir" deyə qolumdan tutub irəli aparmayıb. Hələ indiyə qədər nəinki bir yazar, heç bir qohuma, doğmama "al bu mənim yazımdır, sən də paylaş, oxunsun" deməmişəm. Demərəm də! Nə bacarmışam dişimlə-dırnağımla, öz istedadımla əldə etmişəm. İlk işim isə müsahibəylə olub. Bunu deməsəm, haqlarına girmiş olaram, nə yaxşı ki, yazar dostlarım Mövlud Mövlud, Ayxan Ayvaz və mən, üç gənc baş-başa verib (birimiz şəkil çəkib, birimiz müsahibəni alıb, birimiz də müsahib), ədəbi mühitlə real tanış olmağa başladım. Tanıdıqca da nə qədər iyrənc olduğunu görüb hamısından uzaqlaşdım. Onlar çoxdan bunun içindəydilər. Mövlud mənə bütün iyrənclikləri danışanda mən “yaxşı da, nətəhər oldu, bu qırılmışın biri yaxşı olmadı?” deyib ironik güldüyüm üçün indi peşmanam açığı. Amma biz evcik-evcik oyunu kimi - "o mənim yazımı tərifləsin, mən onun yazısını" deyə oyun oynamamışıq, "bu müsahibənizdə, filan yazınızda adımı çəkin" deməmişik.
Bir dəfə “Facebook”da yazılarından bəhrələndiyim iki yazardan biri "sən niyə filan yazarı bəyənmirsən" deyə aqressiya da nümayiş etdirəndə anladım ki, Anarın diktatorluğunu bəyənməyib anarmaniyaya tutulduqlarının fərqində deyillər. Həmin xanım yazarla indi münasibətimiz yox dərəcəsindədir. Mən nəsə öyrəndiyim adamı danmaram, bu naqislik olar. Amma sevdiyim yazarımı da bütləşdirə bilmərəm. Şəxsi analizlərimə kiminsə müdaxilə və təsir etməsinə icazə vermərəm. Və əlavətən mübahisə etdiyim, hətta zəhləm gedən bir adam da doğru söz desə, heç nəyi umursamadan dəstəkləyərəm. Gənclik özündən öncəkiləri tənqid etmirsə, demək heç bir inkişafdan söz gedə bilməz. Mənim örnək aldığım yazarlar özlərindən öncəki yazarları haqlı olaraq tənqid ediblərsə, mən niyə onları tənqid etməyim? Kim bilir? Bəlkə mən onun yaşına çatanda ondan yaxşı yazıçı olacağam. Hətta mən indi dərs görüb, elə şeylər oxuyuram ki, özüm yazmağa utanıram. Azərbaycan yazarlarının üç problemi var:
1- Azərbaycan ədəbiyyatında fəlsəfə, psixoloji araşdırma, yenilikçi yazar yoxdur! Varsa, biri çıxıb desin ki, korsan, məni oxumamısan?!
2- Azərbaycanlı yazarlarda əsalət yoxdur, elə ancaq tumanını başına atıb, məhəllə jarqonunda və ya aqrar təfəkkürlü söhbətlər edib, yarımçıqlıqdan yaranan eqolarını “doyuzdururlar”.
3- Azərbaycan yazarlarında təhsil səviyyəsi aşağıdır. Bu isə onların problemi deyil. Bütün Azərbaycanın problemidir.
Arada gənclərin tənqidini də qəbul edin. Yoxsa elə siz də “Beş mərəbəli binanın, altıncı mərtəbəsi”ndə qalacaqsınız.