Xəbər lenti

Ankara və İrəvan arasında 5-ci görüş: Nələr gözlənilir? (ŞƏRH)
Dünya 11:00 30.07.2024

Ankara və İrəvan arasında 5-ci görüş: Nələr gözlənilir? (ŞƏRH)

"Bu görüşdə ciddi nəticələrin əldə olunacağını düşünmürəm, amma bununla belə, ciddi altyapı qərarların qəbulu gözləniləndir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Türkiyə və Ermənistandan olan xüsusi nümayəndələrin iştirakı ilə iki ölkə arasında keçirilməsi gözlənilən 5-ci görüş barədə danışarkən deyib.

"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında olan münasibətlərdənsə, Türkiyə-Ermənistan münasibətlərində daha çox intensivlik hiss olunur. İrəvanın Türkiyəyə qarşı ərazi iddiaları olsa da, bu gün dövlətlərin bəlli sərhədləri var. Türkiyə tərəfi Azərbaycan əraziləri işğal olunduğu dövrdə Ermənistanla bütün əlaqələri kəsmişdi. Diplomatik, ticari, siyasi, iqtisadi və s. anlamda əlaqələr yox səviyyəsindədir. Ermənistanın əvvəlki hakimiyyətləri Rusiyadan daha çox asılı olduğundan, Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı deyildi. Əksinə, saxta soyqırım iddialarından çıxış edərək, Türkiyəyə qarşı həm ərazi iddiaları irəli sürür, həm də Ankaranı erməni soyqırımında ittiham edirdilər", deyə Taleh Əliyev bildirib.
 


Ekspertin fikrincə, hazırkı erməni hakimiyyəti isə həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır:
 
"Ona görə də həm Bakı, paralel olaraq da Ankara ilə münasibətlərin normallaşmasına yönəlik danışıqlar aparır. Ərdoğanın keçən il andiçmə mərasiminə baş nazir Nikol Paşinyanın, ardınca Antalya Diplomatik Forumuna erməni rəsmilərin qatılması onu göstərir ki, İrəvan Azərbaycanla münasibətlərin normallaşması və özünün blokadadan çıxmasında Türkiyəni regionun vacib ölkəsi olaraq qəbul edir".

Ermənistan və Türkiyə nümayəndələrinin 5-ci görüşünə gəlincə, Taleh Əliyev ciddi nəticələrin əldə olunacağını zənn etmir:

"Amma bununla belə, ciddi altyapı qərarların qəbul olunacağı gözləniləndir. Xüsusilə də sərhəd keçid məntəqəsinin açılması və hər iki ölkə arasında münasibətlərin normallaşması yolunda hansısa yol xəritəsinin qəbul edilməsi anlamında münasibətlərin yeni müstəviyə çıxarılacağı gözləniləndir". 

Qeyd edək ki, türkiyəli teleaparıcı Sena Alkan münasibətlərin normallaşması üzrə Türkiyə və Ermənistandan olan xüsusi nümayəndələr - Sərdar Kılıçla Ruben Rubinyan arasında sərhəddə danışıqların 5-ci raundunun keçiriləcəyini bildirib. Onun dediyinə görə, görüş səhər sərhədin Ermənistan tərəfində, günorta isə Türkiyə tərəfində baş tutacaq. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->