
Keçmiş əməkdaşlarını geri qaytarması barədə xəbərlər dolaşan ANS telekanalında daha iki istefa barədə xəbərlər yayılıb. Qaynarinfo.az-ın verdiyi xəbərə görə, ölkə.az saytı xəbər yayıb ki, Sevda Həsənova (Böyük Seva) və Səbinə Heydərova telekanaldan ayrılıb.
Hər ikisinin hələ mart ayından istefa verdiyi bildirilir. Xatırladaq ki, Səbinə Heydərova ANS-in vitse prezidenti Mirşahin Ağayevin həyat yoldaşıdır.
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov məsələ ilə bağlı aznews.az-a açıqlama verib. Bildirib ki, Sevda Həsənova ailəsində baş verən faciə səbəbindən işə çıxmır: “Onun atası rəhmətə gedib. Bununla bağlı olaraq işə çıxmır. Səbinə Heydərovayla bağlı isə heç bir bir məlumatım yoxdur”.
Sevda Həsənova ANS-dən getməsiylə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. O, aznews.az-a açıqlamasında yasla əlaqədar işə çıxmadığını deyib: “Atam rəhmətə gedib. Bu səbəblə işə çıxmıram. Yayılan xəbərlər həqiəti əks etdirmir”.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev həyat yoldaşı Səbinə Heydərovanın işdən çıxarılması ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Mirşahin Ağayev AzVision.az-a açıqlamasında bu haqda mətbuata geniş açıqlama verəcəyini bildirib. O, həyat yoldaşının işdən çıxarılması ilə bağlı məlumat yayan saytları məhkəməyə verəcəyini deyib.
“Bu xəbərlərlə bağlı geniş açıqlamam olacaq. Onu qeyd edim ki, bu məlumatları yayanları məhkəməyə verəcəyəm”.