Dünya 20:37 27.05.2022

AP: Rus iş adamları Qərbə “xərac verməklə” sanksiyalardan can qurtara bilərlər

Qərb ölkələri rus iş adamlarına əmlaklarının bir hissəsini Ukraynanın bərpasına köçürməklə sanksiyalardan qurtulmaq imkanının verilməsi ideyasını müzakirə edir.

Qaynarinfo xəbər verir ki, bu haqda Associated Press mənbələrə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu təşəbbüslə Kanadanın baş nazirinin müavini və maliyyə naziri Kristia Friland ötən həftə G7-yə üzv ölkələrin nümayəndələrinin görüşündə çıxış edib. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Friland qabaqcadan bu məsələni "rus oliqarxları” ilə müzakirə edib, çünki o, onların bəzilərini Moskvada jurnalist fəaliyyəti dövründən, bir neçə il "Financial Times”ın Moskva bürosuna rəhbərlik etdiyi vaxtdan tanıyıb.

Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, Ukrayna tərəfi bu müzakirələrdən xəbərdardır. Onun sözlərinə görə, Qərb "tanınmış rus oliqarxlarının Putindən uzaqlaşmasında” və eyni zamanda Ukraynaya maliyyə ayırmasında maraqlıdır. Bununla belə, mənbə vurğulayıb ki, ideyaya baxılarkən heç bir qərar verilməyib. Bununla belə, o əlavə edib ki, Qərb dövlətləri belə bir fürsətdə maraqlıdır.

Agentliyin qeyd etdiyi kimi, bu təklif Almaniya kimi dondurulmuş aktivlərin müsadirə edilməsi prosedurunun çox çətin olduğu ölkələrin hakimiyyət orqanları üçün hüquqi maneələrin aradan qaldırılmasına kömək edə bilər. Mənbələr hesab edir ki, rusiyalı iş adamları xaricdəki mülklərinin bir hissəsindən könüllü olaraq imtina etsələr, bu, məsələni asanlaşdıracaq.

Alpər