
Bu ilin aprelində cəbhədə baş verən döyüşlər zamanı Ağdam raoyunun Mahrızlı kəndində 8 evlə yanaşı kənd qəbristanlığı da zərər çəkib.
Qaynarinfo.Az-a məlumat verən Mahrızlı kənd sakini Sədrəddin Hüseynov bildirib ki, döyüşlər zamanl kənd qəbristanlığında 6 qəbirə ciddi ziyan dəyib. Dəymiş ziyanla bağlı dəfələrlə Ağdam rayon İcra Hakimiyyətinə məlumat verilsə də, yerli orqan tədbir görməyib. Üstəlik, icra başçısının köməkçisi Eldəniz Abdullayev vəsaitin olmadığını sakinlərə söyləyib.
Məsələ ilə bağlı, Ağdam rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətindən soyadını bilmədiyimiz Səməd müəllim Qaynarinfo.Az-a bildirdi ki, bu barədə yazılı olaraq icra hakimiyyətinə müraciət daxil olmayıb: "Bu barədə müraciət olunsa idi, bizim də xəbərimiz olardı. Yəqin müraciəti şifahi şəkildə ediblər, yazılı şəkildə yox". Səməd müəllim qurumun Memarlıq və tikinti şöbəsinin müdiri Abduləli Mehdiyevlə əlaqə saxlamağımızı bildirdi. Lakin şöbə müdiri nə şəxsi, nə də iş telefonuna cavab vermədi.
Qeyd edək ki, bir müddət öncə adı çəkilən kəndin sakinləri evlərinin yarımçıq təmir edilməsi ilə bağlı redaksiyamıza müraciət etmişdi.
Pərvin Zeynal
Qaynarinfo.Az