Ölkəmizdə pambıq yığımının ən məhsuldar dövrüdür. Pambığın yığılması və daşınması üçün kifayət qədər pambıqyığan kombayn, traktor və qoşqular var. Bu texnikaların əksəriyyəti "Aqrolizinq" ASC tərəfindən gətirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərtac-ın bölgə müxbirinə müsahibəsində "Aqrolizinq” ASC-nin şöbə müdiri İsrafil İsmayılov bildirib.
Onun sözlərinə görə, pambığın yığımı dünyanın ən müasir texnikalarından olan "John Deer” şirkəti tərəfindən istehsal edilən 403 ədəd kombayn vasitəsilə həyata keçirilir. Bu kombaynların üstün cəhəti odur ki, tarlalarda qozaların 70-75 faizi açıldığı halda pambığı bir dəfəyə yığa bilir. Artıq pambıq tarlalarının üçdəiki hissəsində məhsul yığımı aparılıb.
İsrafil İsmayılov bildirib ki, ölkədə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə bir neçə pambıq emalı zavodu inşa olunur. Məqsəd yığılmış pambığı tez bir zamanda emal edib, dəyər zəncirində 5-6 dəfə əlavə mənfəət əldə edə etməkdir. Pambığın emal zavodlarına daşınması üçün "Aqrolizinq" ASC tərəfindən daha məhsuldar texnikalar gətirilərək növbəti ildən istifadəyə veriləcək.