Xəbər lenti

Aramsız yağışlar Kürü coşdurdu: Fermerlər üçün təhlükə yaranır?
Ölkə 15:36 01.07.2026

Aramsız yağışlar Kürü coşdurdu: Fermerlər üçün təhlükə yaranır?

Azərbaycanda Kür çayında suyun səviyyəsi yenidən artıb. 

Qaynarinfo xəbər verir ki, buna səbəb son günlər ölkə ərazisində yağan intensiv yağışlar və dağ çaylarından gələn sel sularıdır.

Salyan və Neftçala rayonlarında Kür çayının səviyyəsində təxminən bir metrə yaxın artım müşahidə olunur. Yerli sakinlər bildirirlər ki, suyun səviyyəsinin yüksəlməsi artıq narahatlıq yaratmağa başlayıb.
 


Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kürdə suyun artması yağıntıların çoxluğu ilə bağlıdır:

"Yağıntıların intensiv olması Kür çayında sululuğu artırır. Digər tərəfdən, bu il havaların əvvəlki illərlə müqayisədə daha sərin keçməsi və yüksək temperaturun müşahidə olunmaması buxarlanmanı azaldır. Bu da çayda suyun səviyyəsinin yüksəlməsinə səbəb olur".

Ekspertin sözlərinə görə, qarşıdakı günlərdə suyun səviyyəsi daha da artarsa, bundan ən çox fermerlər zərər görə bilər:

"Bəndlərdə möhkəmləndirmə işləri  aparılmalıdır. Əks halda suyun səviyyəsinin yüksəlməsi fermerlərə məxsus əkin sahələrinə  ziyan vura bilər".

Bahar Rüstəmli
--> -->