
Qarabağ müharibəsi iştirakçısı və 20 Yanvar əlili "Çeçen Arif" ləqəbli Arif Məhərrəmov Bayraq Günü ilə əlaqədar təəssüratlarını bölüşüb.
O, Qaynar.info-ya açıqlamasında gənclərimizin milli vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini vurğulayaraq, qeyd edib ki, hər bir gənc Azərbaycan Dövlətinin atributu olan üç rəngli bayrağı qorumağa borcludur: " Əslində, istədiyimiz müstəqilliyi qazanmışıq. İstədiyim şeylər arasında qəhrəmanlara diqqət ayrılmasını istəyirəm. Ən ümdə istəyim isə onların qədrini bilmək, bu vətənin, millətin və müstəqilliyimiz uğrunda canlarını fəda edən insanlara dəyər verilməsidir. Çünki biz xalqımıza atılan güllələrə canımızı sipər etmişik. Dedik, qoy güllə bizə dəysin, millətimiz ağrı-acılar çəkməsin".
A.Məhərrəmov dövlətin ona göstərdiyi qayğından da danışıb: "Mən dövlətin qayğısını da müəyyən qədər hiss edirəm. Müəyyən təbirlərə dəvət alıram. Düzdür, maddi baxımından bir çox problemləri həll edə bilmirəm. Həyat yoldaşım da 20 Yanvar əlilidir. Mən əslən Qərbi Azərbaycandanam. Hər yay Göyçə mahalına gedirdik. Bir gün Göyçəyin tarixindən soruşanda, dedim baba bu nə torpaqdır, Azərbaycan əhalisi niyə Ermənistan deyilən yerdə yayaşıyır? O zaman babam mənə dedi ki, bura Ermənistan ərazisi deyil, Azərbaycan ərazisidir. Zaman keçdikcə Azərbaycanın ərazisi parçalanıb, təziqlərə məruz qalıb. Və mən babamdan soruşdum ki, biz nə zamansa müstəqil olmuşuqmu? O dedi ki, bəli, biz müstəqil olmuşuq, həm də bizim bayrağımız olub. Və o zaman özündə gizlətdiyi üç rəngli bayrağı mənə göstərdi. Zaman keçdi, mən orta məktəbi bitirdim, hərbi xidmətdə oldum. Sovet ordusu sıralarında xidmət etdim. Amma həmişə müstəqil dövlət olacağımıza ümid edirdim.
88-ci ildə isə Azərbaycanın üç rəngli bayrağı başlar üzərində dalğalanandamən onu öpdüm. Baxdım ki, bu hərəkətim orada olan insanlarda təəccüb doğurdu. Gözüm doldu, ağladım, ona dedim ki, bu bayraq nə zamansa bizim başımızın üzərində dalğalanan bayraq olub. Sonra yaşlı insanlar bunu təsdiq etdilər. Onlar dedilər ki, bu bizim Cumhuriyyətimizin bayarğı olub. Yanvar hadisələrində binamızın qabağında qara bayraqla üç rəngli bayrağımızı vurdum. Bayrağı qaldırandan bir-iki saat sonra xalqımızın ünvanına təhqiramiz ifadələr söylədilər. Gördüm ki, rus əsgəri bayraqı cırb ayaq altına atıblar. Üstünə isə təhqiredici hərəkətlər edirlər. Mən buna etiraz etdim və həbs olundum. Şəhərə komendatı məni həbs edəndə məlumat vermişdi ki, ekstrimis bayrağı əlimə götürdüyümə görə həbs olunmuşam. Əslində isə bu bayraq Azərbaycan bayrağı idi. Mənim otuz günlük həbsim Moskvada 7 aya qədər davam etdi. Məni elektrik stoluna qoşdular. Onların tələbi bu idi ki, mən çıxam efirə xalqımı pisləyəm, amma mən bunu etmədim. Mən heç cürə bunu edə bilməzdim.
Mən üç dəfə Heydər Əliyevlə görüşmüşəm. Axrıncı görüşümdə Heydər Əliyev mənə dedi ki, bir istəyin varmı? Mən də dedim ki, ən böyük istəyim Azərbaycan bayrağını daima ucalarda görməkdir".
A.Məhərrəmov gəncliyi də bayrağa sələfləri kimi hörmət etməyə çağırdı: "Mən istəyirdim ki, hər zaman Azərbaycan bayrağı daim ucalarda görünsün, hər yerdə dalğalansın, dünyanın ən uca bayrağı olsun. Mən indi fəxr edirəm ki, bu istəyim gerçəkləşir. Azərbaycan bayrağı ən böyük dəyərimizdir. Gənclərə də tövsiyə edirəm ki, bayrağın qədrini bilsinlər, bayrağ uğrunda canından keçən insanların tanısınlar, bayrağı daha ucalara qaldıra bilsinlər. Şəhidlərin ruhu qarşısında baş əyirəm. Əminəm ki, Azərbaycan durduqca onlar da yaşayacaqlar".
Qaynar.info