Dünya 13:00 06.10.2023

Şarl Mişellə Ursula fon der Lyayen arasında qarşıdurma - Qarşılıqlı ittihamlar

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin xarici siyasət təşəbbüslərini tənqid edib və onu səlahiyyətlərini aşmaqda ittiham edib. Nümunə olaraq, Mişel Tunislə miqrasiya sazişini göstərib, onun sözlərinə görə, saziş AK rəhbəri tərəfindən imzalanıb, lakin Aİ Şurası "kənara qalıb”. Avropa Komissiyasının sözçüsü Arianna Podesta Şarl Mişelin bəyanatını qismən yalan adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazır.

Avropa İttifaqı Şurası rəhbərinin fon der Lyayenin səlahiyyətlərindən sui-istifadə etməsinə misal kimi göstərdiyi AK və Tunis arasında miqrasiya sazişi bu ilin iyulunda bağlanıb. Şarl Mişelin sözlərinə görə, Avropa Komissiyasının sədri onu Niderland və İtaliyanın baş nazirləri Mark Rütte və Corciya Meloni ilə birlikdə imzalayıb. Şarl Mişel vurğulayıb ki, eyni zamanda, Aİ Şurası "kənarda qalıb”.

Avropa Komissiyasının sözçüsü Mişelin bəyanatını qismən yalan adlandırıb və qeyd edib ki, AK iyunun əvvəlindən Tunislə saziş üzrə danışıqlar aparır və mühüm məqamlar və danışıqların gedişi barədə üzv ölkələrin səfirlərini dəfələrlə məlumatlandırıb. "Komissiya Aİ Şurasının 2023-cü ilin iyul ayındakı yekunları da daxil olmaqla, tam siyasi dəstəyindən istifadə edir və qeyri-qanuni miqrasiya ilə mübarizədə praktiki və effektiv irəliləyiş əldə edir”, - Podesta vurğulayıb.

Eyni zamanda, Spiegel qeyd edir ki, Ursula fon der Lyayeni səlahiyyətlərini aşmaqda ittiham edərkən, Şarl Mişel özü də Ukraynaya 2030-cu ilə qədər Aİ-yə üzv olmaq perspektivini təklif etməklə səlahiyyətlərini aşır. Belə bir bəyanatla çıxış edən Mişel qeyd edib ki, Ukraynaya üzv olmaq üçün "ev tapşırığını yerinə yetirməlidir”. "Financial Times”ın yazdığına görə, Ukrayna Aİ üzv olacağı təqdirdə 186 milyard avroya iddia edə bilər.

Nizami Bağırov