Xəbər lenti

Artur Rəsizadənin “istefa"sı xəbərinə rəsmi reaksiya
Ölkə13:44 02.09.2015

Artur Rəsizadənin “istefa"sı xəbərinə rəsmi reaksiya

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli: “Həmin vaxt hökumət gündəlik işi ilə məşğul olub, ölkənin taleyi üçün çox əhəmiyyətli iclasını keçirib, çox ciddi müzakirələr olub”

Sentyabrın 1-də baş nazir Artur Rəsizadənin istefaya getdiyi barədə xəbər sosial şəbəkələrdə və xəbər saytlarında əsas mövzulardan biri oldu. Yayılan xəbərlərə hər hansı dairələrdən rəsmi münasibət öyrənmək mümkün olmasa da, günün sonunda yalnız o məlum oldu ki, əslində, A.Rəsizadənin başçılığı ilə Nazirlər Kabinetinin iclası keçirilib və dövlət büdcəsi müzakirə olunub.   

Yeri gəlmişkən, bir həftə öncə Nazirlər Kabinetinin mətbuat katibi Akif Əli qəzetimizə müsahibəsində Artur Rəsizadənin tam sağlam olduğunu deyərək, onun vəzifəsindən uzaqlaşmaq niyyətində olmadığını demişdi. 

Sitat: "Mən o zaman da deyirdim, indi də deyirəm: o jurnalistlər ki, yazırdılar Artur Rəsizadə işə çıxmır, səhhəti filandır, mən onlara deyirdim ki, səhər saat 9-a 15 dəqiqə qalmış Nazirlər Kabinetinin qarşısına gəlin və baş nazirin kartejinin içəri girdiyini özünüz görün. Axşam da saat 7-də işdən getdiyi vaxtdır. Lakin gəlmədilər, baxmadılar. “Xəstədir”, “işə gəlmir”, “yoxdur” deyilir ki, bunların da hamısı boş söhbətdərdir. Oturub öz yerində, öz işi ilə məşğuldur, prezidentin tapşırıqlarını icra edir. Hərə bir şey deyir, müəyyən məqsəd güdən, təmənnalı, məqsədli adamlar var. Yaxud sadəcə, elə-belə reytinqini qaldırmaq istəyən mətbu orqanlar var. Artur Rəsizadə tamamilə sağlam adamdır, bütün təfəkkürü, idrakı, şüuru, yaddaşı çox cavandan da möhkəmdir və heç bir problemi də yoxdur. Şəxsən mən problem görməmişəm və işində davam edir. Allah nə qədər məsləhət bilsə, o qədər də davam edəcək”.

Elə isə A.Rəsizadənin guya səhhətinə görə işdən uzaqlaşdığı barədə yayılan xəbərin mənası nə idi, ümumiyyətlə, bu ajiotaj hardan yarandı, onun səbəbləri nə imiş? 

Bu suallarla Nazirlər Kabinetinin mətbuat katibi Akif Əliyə müraciət etdik. Suallara cavabında Akif Əli dedi ki, bunun səbəbi onun özünə də məlum deyil: “Həmin vaxt mən iclasda olmuşam və bütün bunlardan sonra xəbər tutdum. Həmin vaxt mənə mətbuatdan 256 zəng gəlmişdi (gülür). Amma istefa söhbətini kim, niyə yaymışdı, mənə bəlli deyil. Sizə keçən dəfə də demişdim, belə xəbərləri yayarkən, kiminsə müəyyən məqsədləri olur. Amma hər halda, həmin adamlar sonradan məsələnin onların yazdığı kimi olmadığını görəndə heç olmasa, bir az utansınlar”. 

Eyni gündə icra başçılarının yeni təyinatları ilə bağlı da xəbərlərin yayılması, hətta onlardan birinin baş nazir gətiriləcəyi haqda deyilənlərin əvəzində A.Nağı bunları bildirdi: “Gördüyünüz kimi, yazıldığı kimi olmadı. Yaxşı bir rus məsəli var: “Slışal zvon, no ne znayu qde on” (“Səs eşidirəm, amma bilmirəm, hardan gəlir”). Bunlar da (bu barədə xəbər yayanları nəzərdə tutur - E.P.) bəzi adlar eşidiblər, ancaq Ştirlis kimi özləri üçün versiyalar hazırlayıblar. Lakin bunlar yanlış versiya olub. Səs eşidiblər, lakin bilməyiblər ki, həmin səs hardan gəlir”.

Akif Əli əlavə etdi ki, baş nazirin adı ətarfında yaşanan “ajiotaj”dan əslində, hökumətin hər hansı məlumatı olmayıb: “Həmin gün hökumət öz işindəydi və çox ciddi bir iclas keçirildi, 2016-cı ilin dövlət büdcəsi müzakirə olundu. Sonradan “ajiotaj” olduğunu mənə gələn telefon zənglərindən, yazışmalardan, işçilərimə zəng edib, məni soruşmalarından bilmişəm. Başqa bir ajiotaj olmayıb, hökumət öz ritmində öz işini davam etdirib. Bu ajiotaj sadəcə, mətbuatda, sosial mediada ola bilər. Hökumət gündəlik işi ilə məşğul olub, ölkənin taleyi üçün çox əhəmiyyətli iclasını keçirib, çox ciddi müzakirələr olub. Yekunda da cənab prezidentə sənədlərin təqdim olunması üçün qərar qəbul edilib”. 

Mətbuat katibi 2016-cı ilin dövlət büdcəsinin 6 milyard manat azaldılacağı barədə yayılan xəbərə reaksiyasında dedi ki, onda bununla bağlı rəqəmlər yoxdur: “Onu yəqin ki, yekunda biləcəyik”.

Elə fürsət düşmüşkən, hökumət rəsmisindən sabiq maliyyə naziri Saleh Məmmədovun antiböhran tədbirləri barədə “Yeni Müsavat”da dərc olunmuş təkliflərinə münasibət də soruşduq. 

Maraqlıdır, görəsən, hökumət maliyyəçi ekspertin təkliflərini dəyərləndiribmi? 

Akif Əli bu təklifləri mətbuatda gördüyünü vurğuladı: “Ancaq bu barədə dəqiq məlumatım yoxdur. Bəlkə kimsə onu oxuyub, öyrənir, haradasa nəzərə alır. Ancaq mən bununla bağlı məlumatlı deyiləm”.

Qaynar.info