Son vaxtlar Tiktok, Teleqram və digər sosial şəbəkələrdə və digər platformalarda pul qazanma şəbəkələrinin etdiyi dələduzluqlarla bağlı çoxsaylı məlumatlar yayılır.
Qaynarinfo Qafqazinfo-yaistinadən xəbər verir ki, bu şəbəkələrə qoşulan şəxslər sistemə qoyduqları pulun müqabilində gündəlik gəlir əldə etdiklərini, lakin bir müddət sonra proqramın tamamilə bloklandığını və pullarını itirdiklərini deyirlər.
Sosial şəbəkə vasitəsilə üzləşdiyi hadisə barədə danışan, adının açıqlanmasını istəməyən çoxsaylı şikayətçilərdən biri "Tiktok işçi qrupu” adlı sistemə qoşulduğunu və aldadıldığını deyib: "Mən iyunda qoşuldum və 100 manat pul qoydum. Videoları bəyənməyə görə hər gün balansıma 4 manat gəlirdi. Həftədə 1 dəfə pulu çıxarmağa icazə verirdilər. Sonra Vergilər Depertamentindən yoxlama gəldiyini bildirərək ödəniş etməyimizi istədilər, biz də ödəniş etdik. Sonra isə proqram tamamilə dayandı və pullarımız batdı”.
Bildirilir ki, son vaxtlar bu kimi dələduzluq növü geniş yayılıb. Təkcə "instpovver” şəbəkəsi üzərindən Azərbaycanda minlərlə insanın milyonlarla pulu ələ keçirilib. Fırıldaqçılar bu işdə burada açdıqları bank hesabları və kartlardan geniş istifadə edirlər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyevdən saytımızın sorğusuna cavab olaraq bildirildi ki, sosial şəbəkələrdə dələduzluq hallarına qarşı mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır: "Vətəndaşlardan daxil olan və polis əməkdaşları tərəfindən aşkar olunan dələduzluq faktları araşdırılır. Vətəndaşların tanımadığı şəxslərə və etibar etmədiyi şirkətlərə onlayn qaydada ödəniş etməmələri tövsiyə olunur. Qeyd olunan məsələ ilə bağlı hazırda araşdırma aparılır”.
Şərhlər