“Apple” şirkətinin baş direktoru vəzifəsində 15 il çalışdıqdan sonra Tim Kuk rəsmi olaraq rəhbərliyi özündən sonra bu vəzifəyə təyin edilən Con Ternusa təhvil verib. Kuk texnologiya nəhəngindəki fəaliyyəti dövründə “Apple”ın dünyanın ən böyük və ən gəlirli şirkətlərindən biri kimi mövqeyini möhkəmləndirməsinə kömək edib.
Bəs onun uğurunun sirri nədən ibarət idi? Məlumata görə, bunun əsas səbəblərindən biri səhər rejimi olub.
Qaynarinfo "Daily Mail"ə istinadən xəbər verir ki, “Apple” tərəfindən yayımlanan “İcmaya məktub”da Kuk şirkətə rəhbərlik etdiyi dövrdə səhərlərini necə keçirdiyini ətraflı şəkildə açıqlayıb.
“Son 15 il ərzində demək olar ki, hər səhərim eyni cür başlayıb. Elektron poçtumu açır və dünyanın hər yerindən “Apple” istifadəçilərinin əvvəlki gün göndərdiyi məktubları oxuyuram”, deyə o bildirib.
Lakin erkən oyanmağı sevməyənlər üçün milyarderin gündəlik rejimi o qədər də uyğun olmaya bilər. Kuk daha əvvəl “Table Manners” podkastında gününə həmişə səhər saat 5-də başladığını söyləyib.
O, ötən il iştirak etdiyi podkastda səhəri “ən çox nəzarət edə bildiyim günün hissəsi” adlandırıb.
“Gün irəlilədikcə hər şey daha az proqnozlaşdırıla bilən olur. Günün sonuna qədər bütün bu işlər vaxtınızı, diqqətinizi və enerjinizi ala bilər. Buna görə də günün dünyadan bir qədər uzaqlaşa, bir neçə vacib məsələyə diqqət yetirə və sadəcə bir müddət sakitlikdə qala bildiyim hissəsini sevirəm”, deyə Kuk izah edib.
Kuk səhər yeməyi zamanı elektron poçtunu niyə yoxlayırdı?
Kuk “İcmaya məktub”da istifadəçilərin onunla həyatlarından parçalar və “Apple”ın onlara necə təsir etdiyi barədə hekayələr paylaşdıqlarını bildirib.
Məsələn, bəzi məktublarda “Apple Watch” sayəsində bir insanın anasının xilas edilməsi və ya fəth edilməz görünən dağın zirvəsində çəkilmiş ideal selfi barədə yazılıb.
Onun sözlərinə görə, istifadəçilər “Mac”ın iş həyatlarını necə dəyişdirdiyinə görə ona təşəkkür edir, bəzən isə onlar üçün vacib olan hansısa funksiyanın lazımi qaydada işləməməsi ilə bağlı tənqidlərini də bildirirdilər.
Kuk yazıb ki, hər belə məktubda “ortaq insanlığımızın döyünən ürəyini” hiss edir və daha çox çalışmağa dair məsuliyyət hissi getdikcə güclənirdi.
Lakin onun sözlərinə görə, ən çox hiss etdiyi duyğu minnətdarlıq olub. O, insanların həyatını sözlə ifadə olunmayacaq dərəcədə dərindən zənginləşdirən bir şirkətin rəhbəri kimi bu məktubları qəbul edən şəxs olmağı böyük şans hesab edib.
“Bu, necə də böyük şərəf və imtiyaz idi”, deyə Kuk fikrini yekunlaşdırıb.
“Apple”ın yeni baş direktoru haqqında nə məlumdur?
Tim Kuk rəhbərliyi rəsmi olaraq “Apple”ın yeni baş direktoru Con Ternusa təhvil verib. Ternus “Apple”da iyirmi ildən artıq çalışıb və bundan əvvəl şirkətin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti vəzifəsini tutub.
Ternus 2001-ci ildə “Apple”a qoşulub və karyera pillələrində yüksələrək şirkətin aparat təminatı sahəsində ən mühüm rəhbərlərindən birinə çevrilib. O, “iPhone”, “iPad” və “Mac” kimi məhsulların hazırlanmasında mühüm rol oynayıb.
Aydın
Şərhlər