Türkiyənin rəsmi dəvəti ilə "ASAN xidmət" Türkiyədə təmsil olunur.
Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O qeyd edib ki, eyni zamanda, bu fürsəti dəyərləndirərək burada yaşayan azərbaycanlılara səyyar xidmət mərkəzi ilə dövlət xidmətləri çatdırırıq.
"İlk dəfədir Azərbaycandan kənarda azərbaycanlılara xidmət edirik. Buradan qazandığımız təcrübəylə daha sonra da ölkə xaricindəki azərbaycanlılara xidmət göstərəcəyik. Festivalın ilk günü səyyar mərkəzə artıq 100-ə yaxın müraciət edilib və bu mərkəz festivalın sonuna qədər davam edəcək”, - deyə sədr əlavə edib.
Ülvi Mehdiyev bildirib ki, sentyabrın 1-də Türkiyədə bu ölkənin "e-devlet" portalı ilə Azərbaycanın "e-gov" portalının inteqrasiyasının təqdimatı olacaq.
"İnteqrasiya Türkiyənin Rəqəmsal Transformasiya Ofisi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Bu o deməkdir ki, Azərbaycan vətəndaşı Türkiyəyə getdiyi zaman ondan hər hansı Azərbaycanın dövlət qurumunun verməli olduğu sənəd tələb olunursa, onu "e-devlet"dən və yaxud əksinə, Türkiyə vətəndaşından Azərbaycanda hansısa sənəd tələb olunsa, onu "e-gov"dan əldə edə biləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, Türkiyənin Samsun şəhərində keçirilən "Teknofest Karadəniz" festivalında Azərbaycan komandaları da iştirak edir. Festivalda Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin (ABAD) də stendi fəaliyyət göstərir.