Xəbər lenti

Asim Mollazadə telekanallardan narazıdır
Ölkə14:58 19.04.2013

Asim Mollazadə telekanallardan narazıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Demokratik İslahatlar Partiyasını sədri (DİP) Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında İTV-nin Yayım Şurasının yeni üzvləri ilə bağlı müzakirələr zamanı yerli telekanallarla bağlı problemlərdən bəhs edib. 

DİP-in mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, millət vəkili deyib ki, İctimai Televiziyanın yaranmasından qısa müddət keçsə də, onun xeyli nailiyyətləri olub. Beynəlxalq münasibətlər istiqamətindəki bir sıra uğurlu layihələrini, o cümlədən, “Avroviziya” yarışmasını, idmanla bağlı layihələrini qeyd etmək mümkündür. Amma yerli televiziyaların bir sıra məqamlara görə geridə qalması nəticəsində, Azərbaycanın bölgələrindən tutmuş paytaxtına qədər hər yerində çanaq antennalarını görürük. Əhali peyk antennaları, ya da kabel televiziyaları vasitəsilə ya Türkiyənin, ya da Rusiyanın telekanallarına baxır. “Bu onu göstərir ki, biz informasiya mühitimizin böyük bir hissəsini xaricə vermişik. Bunun başlıca səbəbi də odur ki, Azərbaycan yeni televiziya standartları, informasiyanı təqdim etmək sahəsindəki yeni texnologiyalarla işləyə bilmir. Ona görə də bizim telekanallarımız rəqabətdə xarici telekanallara uduzur” – deyən millət vəkili bunun səbəblərinə də aydınlıq gətirib: “İctimai televiziya ola bilsin ki, milli-mənəvi dəyərlərimizlə bağlı verilişlərin hazırlanması sahəsində özəl telekanallardan üstündür, bu istiqamətdə müəyyən işlər görür. Amma materialların təqdimatında heç bir yerli televiziya yeni texnologiyalardan istifadə edə bilmir. Baxmayaraq ki, həm Azərbaycan Televiziyası, həm də İctimai Televiziya müasir texniki avadanlıqlarla yüksək səviyyədə təchiz edilib, ancaq onlardan çox məhdud səviyyədə istifadə olunur. Bizdə televiziyalar üçün işıqçıdan, kameramandan tutmuş səs və görüntü mühəndislərinə qədər mütəxəssisləri hazırlamağa böyük ehtiyac var. Bundan əlavə informasiyaları, müxtəlif proqramları müasir tələblərə cavab verən şəkildə təqdim edən yaradıcı mütəxəssislərin hazırlanması da vacibdir. Hətta milli dəyərlərlə bağlı verilişləri də daha uğurlu formada təqdim etmək üçün peşəkar mütəxəssisləri yetişdirməliyik”. 

Asim Mollazadə mövcud problemlərdən çıxış yolu kimi bir Televiziya Akademiyası yaradaraq ora xaricdən mütəxəssislər dəvət etməyi, beynəlxalq təcrübədən istifadəni təklif edib. Millət vəkili həmçinin vurğulayıb ki, nə qədər ki, bu sahədə ciddi islahatlar aparılmayıb, Azərbaycanın informasiya mühiti digər ölkələrin nəzarətində olmaqda davam edəcək. 

Qaynar.info