Xəbər lenti

Aslan Aslanovun hərbi polisdəki adamları TƏŞVİŞDƏ
Ölkə07:29 19.11.2013

Aslan Aslanovun hərbi polisdəki adamları TƏŞVİŞDƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Öldürülən generalın yaxın adamı isə ordudan tərxis olunmasını istəyir

Sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi, vəzifədən uzaqlaşdırılan kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun vaxtilə vəzifəyə təyin etdiyi kadrlar təşviş içindədir. S. Əbiyevlə qohumluq əlaqəsindən istifadə etməklə orduda “nəzarətçi” funksiyasını yerinə yetirən A. Aslanovun vəzifədən çıxarılmasından sonra Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində post tutan bəzi şəxslər çaşqınlıq içində nə edəcəklərini bilmirlər.

Bu haqda aznews.az-a məlumat verən mənbənin dediklərinə görə, bir neçə gün əvvəl A.Aslanovla yaxın əlaqələri ilə tanınan Hərbi Polis İdarəsinin Şəmkir şöbəsinin rəisi Murad Muradov qeyd olunan postdan çıxarılıb. Onun bu vəzifədən uzaqlaşdırılması A.Aslanovun vasitəsilə vəzifə alan həmkarları tərəfindən ciddi siqnal kimi dəyərləndirilib. Artıq idarənin Qazax, Gəncə, Zaqatala, Kürdəmir, Lənkəran, Qusar və Yevlax rayon şöbələrinin rəisləri də təşvişə düşüblər, özlərinə yeni dayaqlar axtarırlar.

Bildirilir ki, adıçəkilən rayonların hərbi polis idarələrinin rəhbərlərini məhz Aslan Aslanov təyin etdirib. Hərbi Polis İdarəsinin yeni rəisi, polkovnik Füzuli Salahovun Müdafiə Nazirliyi sistemindən deyil, Daxili Qoşunlardan gətirilməsi A. Aslanovun kadrlarının vurulacağını göstərir. Mənbəmiz deyir ki, adıçəkilən hərbi polis şöbələrinin rəisləri A. Aslanovun qarşısında çəkdikləri “əziyyət”in əvəzini görmədən işdən çıxarılacaqlarından çox narahatdırlar. Bu isə onların vəzifədən getməmələri üçün yeni yollar aramalarına səbəb olub. 

Qeyd edək ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Bəbir Həsənov bir müddət əvvəl vəzifəsindən azad edilib. Bu vəzifəyə polkovnik Füzuli Salahov təyin edilib. F.Salahov əvvəllər Sərhəd Qoşunlarında hərbi hissə komandiri, daha sonra Daxili Qoşunlarda idarə rəisi vəzifəsində çalışıb. 

Hərbi polisdə A.Aslanovun kadrları təşviş içində olduqları bir vaxtda Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) qoşunlarında xidmət keçən polkovnik Faiq Məmmədov ordu sıralarından tərxis olunmaq üçün müdafiə nazirinə müraciət edib. 

Məlumata görə, F. Məmmədov uzun müddət HHQ və HHM qoşunlarının Bakı yaxınlığındakı hərbi hissələrindən birinin komandiri olub. F.Məmmədov 2009-cu il fevralın 11-də başına açılan atəşlə öldürülən general-leytenant Rail Rzayevin ən yaxın adamlarından biri kimi tanınıb. F.Məmmədovun adı bir sıra neqativ məsələlərdə, cinayət tərkibli işlərdə də hallanıb. Onun tərxis istəyinin bununla bağlılığı ehtimal olunur./musavat.com/