
Tanınmış vəkil Aslan İsmayılov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“bandotdel”) döyülüb və ölümlə təhdid edilib.
Bu barədə "Azadlıq"a Aslan İsmayılovun özü məlumat verib: "Bu gün (dünən-red.) saat 17-də idarənin Canpolad Daanov adlı müstəntiqi mənə zəng vuraraq bildirdi ki, sizinlə təcili işim var. Mən onu tanıyaram, həmişə mənə hörmətlə yanaşıb. Xahiş etdiyinə görə getdim. İçəri daxil olanda bir nəfər yekəpər məni qarşılayıb, otağı göstərib dedi ki, keçin bura. Düşündüm ki, yəqin məni saxlayırlar. Sakitcə keçdim içəri, Canpolad da otaqda idi. Məni görən kimi başladı təhqir etməyə”.
Vəkilin sözlərinə görə, idarədə onu döymələrini DİN rəhbərliyini tənqid etməsi ilə əlaqələndiriblər: “Daanov ünvanıma min bir təhqir işlətdi və qulağımın dibinə yumruq zərbəsi endirdi. Məni ölümlə təhdid edərək dedi ki, bu hələ sənə xəbərdarlıqdır. Get yaşamaq haqqında fikirləş, ağlını başına yığ. Sonra o birisi də təhqir və təhdid etməyə başladı. Mən sakit dayandım, çünki bilirəm ki, bu nə idarədir və bura nə üçündür".
A.İsmayılov deyib ki, BMCQMİ-dən çıxandan sonra Bakı Prokurorluğuna gedərək, ora müraciət edib: “Bundan başqa mən ABŞ səfirliyinə müraciət etmişəm. Həmçinin Əli Kərimliyə, İsa Qəmbərə, ümumiyyətlə bütövlükdə ictimaiyyətə müraciət edirəm. Söhbət mənim təhqir olunmağımdan getmir. Məni öldürə bilərlər. Mən şərəfimin alçalmasına yol verməyəcəm. Mən ölümdən qorxmuram. Amma biz susduqca bu azğınlıq davam edəcək.
Eyni zamanda hakimiyyət bu məsələyə aydınlıq gətirməlidir. Bilək ki, biz dövlətdə yaşayırıq, ya yox. Əgər dövlətdə yaşayırıqsa, o zaman mənə qarşı bu addımı atanlar cəzalandırılsın. Yox əgər bunlar banditdirlərsə, o zaman qayda-qanundan danışmaq əbəsdir, çıxaq gedək buradan".
Hadisədə adı keçən C.Daanovun redaksiyamıza bəlli olan telefon nömrəsinə zəng edib onun mövqeyini almaq istədik. Lakin axşam saatlarından qəzetimiz çapa gedənə qədər onun telefonu bağlı oldu./azadlıq.az/