Xəbər lenti

Aslan Kərimov: “Həmin anda əllə qol vuran oyunçu mən olsaydım...”
İdman13:48 25.02.2022

Aslan Kərimov: “Həmin anda əllə qol vuran oyunçu mən olsaydım...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ”ın sabiq futbolçusu Aslan Kərimov komandanın "Marsel”lə oynunu dəyərləndirib.
O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Ümumilikdə rəqabətli oyun gördüm. Ustalıq səviyyəsinin açıq-aşkar göründüyü ortada idi. Məşqçilik baxımından Xorxe Sampaolinin yaxşı mənada "tülkülüyü” sayəsində Fransada daha aqressiv oynamağa çalışdılar. Bakıda isə hesabı qorumaq məqsədilə 4-1-4-1 taktikası ilə başladılar. Bir müddətdən sonra isə beşli müdafiəyə keçdilər. İlk növbədə müdafiəni qurmağa çalışdılar. "Marsel” meydançanın özünə aid olan hissəsində topu qarşılamağa çalışırdı. İstədikləri kimi də oldu. İlk əks-hücumda qol vura bildilər. Sonra geriyə çəkildilər. Üstünlüyü "Qarabağ”a verdilər. Amma qol imkanları baxımından kasadlıq oldu. Fransada rəqib daha aqressiv olduğuna görə "Qarabağ” ilk hissədə çox qol imkanı yaratmışdı. Bundan əlavə bəzi futbolçulardan yüksək performans gözləsəm də, görmədim. Gördüyüm qədərilə, Zubir yalnız 71-ci dəqiqədə cinahdan ötürmə etdi. Buna qədər zəif idi. Əslində Zubiri günahlandırmaq düzgün olmazdı. Sadəcə, rəqibin müdafiə xəttində olan oyunçular mübarizədə uduzmurdu. Ən üstün tərəflərimizdən biri cinahlarımız idi. Amma oyunçuları azaltmağı bacarmadıq, yəni cinahlardan heç kimi keçə bilmədik. Tural bir neçə dəfə hücuma qoşulsa da, kifayət etmədi. Ümumiyyətlə, beşli müdafiəyə qarşı "Qarabağ”ın oyunu asan olmur. Çünki cinahlardakı oyunçular ortaya istiqamətlənir. Belədə iki mərkəz müdafiəçisi oyunçuları götürür, biri isə sığorta üçün sərbəst oynaya bilir. Dolayısı ilə "Qarabağ”ın güclü tərəfini öyrənmişdilər. Belədə cüzi bir səhv edirsənsə, bu, qapına qol vurulması ilə nəticələnir”.
Kərimov Qurban Qurbanovun dünya mətbuatında gündəm olan feyr-pley addımı ilə bağlı bunları dedi:
"Əslində, dəstəkləyirəm. Belə qərar vermək asan deyildi. Amma futbolçu açıq-aşkar əllə oynamışdı. Hətta Vadjiyə sarı vərəqə də vermək olardı. Qurban Qurbanovun ilk belə addımı deyildi. "İnter”lə oyunda da oxşar hərəkət etmişdi. Əslində, "Qarabağ” dünyada Azərbaycanın feyr-pley nümunəsi ola bilər. Bu da bir imicdir. Qurabanovun addımını təqdirəlayiq sayıram”.
Maraqlıdır "Qarabağ”ın sabiq futbolçusu həmin anda məşqçi və ya futbolçu kimi hansı qərarı verərdi:
"Bunu demək mənim üçün çətin olar. Yalan danışmaqla aram yoxdur. Bilmirəm həmin anda hansı qərarı verərdim. Amma desəm ki, "mən də elə edərdim” yalan olardı. Əslində, məni düşündürərdi. Hansı məşqçi desə ki, "mən də belə edərdim”, onun səmimiyyətinə şübhə ilə yanaşmaq lazımdır. Bu cür situasiyalar nadir hallarda baş verir. Məşqçilər belə hallarda hakimlərin qərarlarına ümumiyyətlə qarışmırlar. Həmin anda futbolçu olsaydım bunu etiraf etməzdim. Dünyanın dahi oyunçularından olan Maradona da əllə qol vurub. Amma bu yalançılıq, pis adam göstəricisi deyil. Futbolun içindəsən, rəqibini aldatmağa çalışırsan. Bu sözü mən ələləxsus Aslan Kərimov olaraq deyirəmsə ehtiyatlı davranmalıyam. Çünki futbolçu karyeram ərzində bəzən qaydalardan kənara çıxmışam, rəqibin ayaqlarına toxunurdum, yaxud onu dirsəyimlə vururdum. Bu, o demək deyil ki, pis adamam. Sadəcə, rəqib hər zaman təzyiqimi hiss etməli idi. Bəzən qaydadan da kənar, sərt, hətta kobud oynamaq məcburiyyətindəsən. Bu da normaldır. Desəm ki, "əllə qol vurduğumu etiraf edərdim”, bu yalan olar. Ən azından mən yox də (gülür). Həmin anda artıq bütün komanda Vadjini təbrik edirdi. Zənn edirəm ki, qolun əllə vurulduğu müəyyənləşəndən sonra yalan danışmağın yeri yox idi. Çünki videotəkrarda hər şey aydın görünürdü”.
Səbuhi Həsənov