
“Hafka” ləqəbi ilə tanınan məşhur iş adamı Hafiz Məmmədov AST Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovdan külli miqdarda borc istəyib.
Məlumata görə, Hafkanın istədiyi borcun məbləği 100 milyon dollar olub. Bu borcun müqabilində isə Hafiz Məmmədov AST Telmana sahibi olduğu "Bahar Enerji Əməliyyat Şirkəti”ni və “Bakı” klubunun bazasını təklif edib.
Onların görüşü Fransada, daha dəqiqi, Nitsada baş tutub. Nitsada Telman İsmayılovun evi var və hər yay orada dincəlir. Onlar da məhz həmin evdə görüşüblər, amma razılığa gəlməyiblər. Telman İsmayılov “Bahar Enerji Əməliyyat Şirkəti”ni almaqdan ümumiyyətlə vaz keçib. “Bakı”nın bazasının isə onu maraqlandırmadığını bildirib.
Hafkaya o da deyilib ki, İsmayılov Azərbaycanda biznes qurmağa tələsmir. Məmmədovun, daha doğrusu, onun sahibi olduğu “Baglan Qrup”un digər şirkətləri də İsmayılovun biznes maraqlarına uyğun gəlməyib. (axar.az)