
Polis həmyerlisini bıçaqlayan yeniyetməni axtarır
Astara rayonunda iki yeniyetmə arasında baş verən mübahisə axırda bıçaqlanma ilə sona çatıb.
ANS PRESS-in bölgə müxbrinin məlumatına görə, dünən gecə saatlarında rayonun Ərçivan qəsəbəsində 18 yaşlı Ümid Əlizadə evdən toya getmək adı ilə çıxıb və az sonra valideynlər onun bıçaqlanması xəbərini alıb. Ümid Əlizadəni bıçaqlayan onun həmyerlisi 16 yaşlı Məhəbbət Həmdəmovdur. O, həmyerlisini bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.
Qarın boşluğundan bıçaq yarası alan Ümid Əlizadə isə təcili Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb və təcili əməliyyata götürülüb. Hazırda həkimlər yaralının vəziyyətini ağır stabil qiymətləndirir.
Astara rayon polis şöbəsi Müstəntiq Gündüz Abdulov isə bildirib ki, Həmdəmov Məhəbbət tutularaq istintaqa təhvil verilməsə də hazırda rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri davam etdirilir. Onun sözlərinə görə, hələki şəxsin tutulması təmin olunmadığından , eyni zamanda digər şəxs ifadə vermək iqtidarında olmadığından gələcəkdə bu məsələyə aydınlıq gətiriləcək.
Hazırda faktla bağlı Astara rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. İki məktəbli yeniyetmə arasında baş verən qanlı olayın səbəblərinə istintaq aydınlıq gətirəcək.
Qaynar.info