
Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura mərasimləri ilə əlaqədar küçə yürüşlərinin təşkilinin məqsədəuyğun olmadığını vurğulayıb. “Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının müvafiq fətvası ilə yürüşlər qadağan olub".
Mövzu ilə bağlı Qaynarinfo.Az ölkənin tanınmış yazarları arasında sorğu keçirib.

Yazıçı, naşir Rasim Qaraca bildirib ki, Azərbaycan mədəniyyətlərin toqquşduğu coğrafiyadır:"Burada Qərb dəyərləriylə, Şərq dəyərləri üz-üzə gəlib. Aşurada yüksək ideallıq var. Lakin atributları köhnədir. Baş yarmaq, zəncir vurmaq qeyri-mədənidir. Müasirləşməyi bacarmayan dəyər tarixə qovuşmaq məcburiyyətindədir. Və bizim respublikamızda liberal dəyərlər hakimdir. Tarixi prosesdə biz yeni bir millət kimi meydana çıxmışıq və köhnə dəyərlərlə demək olar ki, əlaqələrimizi itirmişik. Nəticədə bizim öz milli imamlarımız meydana gəlib: Məmmədəmin Rəsulzadə, Əhməd Ağaoğlu, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Vaqif Mustafazadə".

Yazar Şərif Ağayar qeyd edib ki, dövlət strukturlarının hansı məqsədə qərar qəbul etdiklərini bilmir: "Düşünürəm ki, ekstremal küçə yürüşlərinə ehtiyac yoxdur. Şəhərin vəziyyəti də bunu tələb edir. Üstəlik, biz hüquqi dövlətik. Dini ayinlərin bu dərəcədə qabarıq icra olması vacib deyil. Hər kəsin ayinlərinə sayğımız var və mən bilən, bu ayinlərin keçrilməsi üçün normal yerlər ayrılır".
Yazıçının fikrincə, aşura tarixi konteksindən çıxarılmış şəkildə qeyd olunur: "Həzrət Əli və onun övladlarının çox böyük şəxsiyyətlər olduğunu düşünürəm. Onlar təkcə Şərqin deyil, dünyanın böyük simalarıdırlar. İnanc məsələsini kənara qoyub, sırf tarix və reallıq kontekstindən götürsək də İmam Hüseyni öz inamı və bildiyi həqiqət üçün hər şeyindən keçməyi bacaran uca bir şəxsiyyət kimi görəcəyik. İstənilən insana, hətta özündən sonrakı tarixi şəxsiyyətlərə nümunə göstərilə bilər. İmam Əli və övladları hər şeydən əvvəl elm adamları olublar. Ona görə, aşura məsələsinə soyuqqanlı və təfəkkürlə yanaşmaq lazımdır. Emosiyalarla yanaşmaq düzgün deyil".

Köşə yazarı Zamin Hacı belə mərasimlərin qadağan olunmasının düzgün hal olmadığını deyib:"İnsanların dini etiqad azadlığını və öz hisslərini bildirmək hüququnu pozmaqdır. Ümumiyyətlə insanların dini etiqadından asılı olmayaraq qruplar halında birləşib yürüşlər keçirmək, kütləvi toplaşmaq hüququ var. Bu da o hüquqlardan biridir. Onun məzmunun necə olması bizim üçün əhəmiyyət daşımamalıdır. Əgər orda qanunsuz və başqa insanların həyatına təhlükə törədəcək hal yoxdursa niyə yürüş keçirməsinlər? Bu ölkəni qəbristanlıq kimi idarə etməyin növbəti bir halıdır. Yalansız sabitliyin bir təzahürüdür.
Aşuranın, kiminsə kiməsə yas saxlamağının mənə heç bir dəxli yoxdur. Dövlətin ayırdığı və təhlükəsizliyin təmin olunduğu küçədə onlar yürüş keçirəcəksə bunun mənə nə dəxli var? Qoy etsinlər. Bu, sadəcə olaraq dövlətin tənzimləmə funksiyasına gücü çatmayıb, qadağan etməyə əl atmasının bir növüdür".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az