Xəbər lenti

Ata mülkündən ögey övladlara pay düşürmü?
Ölkə17:14 13.06.2016

Ata mülkündən ögey övladlara pay düşürmü?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaynarinfo.az bildirir ki, publika.az-ın "Hüquq məsləhətxanası" rubrikasında bu dəfə atanın vəsiyyətindən əvvəlki nikahından olan uşaqlarına düşən mülk və yeni mənzildə qeydiyyata düşməyin mütləq olub-olmaması barədə suallara cavab axtarılıb.
Həmişəki kimi yenə də sualları Bakı Hüquq Mərkəzinin hüquqşünası, vəkil Dünyamin Novruzov cavablandırıb.
Sual 1.
Şəkidən Kamil Babayev: Biz ailədə 2 uşağıq. Atam notariat qaydasında vəsiyyətnamə tərtib edib. Özünə məxsus 2 evi bizə vəsiyyət edib. Lakin atamın birinci evliliyindən bir uşağı da var. Bir neçə il əvvəl atam heç bir bölgü etmədən şəhərdəki evi məhz həmin uşağa vermişdi. Atamın əvvəlki nikahından olan uşağının bizə vəsiyyət olunmuş 2 evə dair hər hansı hüququ varmı? Bu iki evdən ona hər hansı pay düşürmü?
Cavab:
Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra - MM) vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən hər bir yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxsə imkan verir ki, öz əmlakını və ya onun bir hissəsini həm qanun üzrə vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət etsin (m. 1166 və 1167). Lakin MM həm də vəsiyyət üzrə vərəsəlik halında bəzi şəxslərə (vəsiyyət edənin valideynləri, arvadı (əri) və uşaqları) imkan verir ki, miras qoyanın son iradəsindən (vəsiyyətnamənin məzmunundan) asılı olmayaraq mirasda məcburi pay tələb etsinlər (m. 1193).
Beləliklə, atanızın əvvəlki nikahından olan uşağının mirasda məcburi payı tələb etmək hüququ vardır və məcburi pay qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısını təşkil edir.
Sual 2.
Bakıdan Arzu Həsənzadə: Yeni mənzil almışam. Mən və ailə üzvlərim həmin mənzilə qeydiyyata düşməliyikmi?
 
Cavab:
Əgər Siz mənzil aldıqdan sonra da əvvəlki yaşayış sahənizdə yaşamağa davam edirsinizsə, onda yaşayış yerinizi dəyişmədiyinizə görə yeni mənziliniz üzrə qeydiyyata düşməyiniz tələb edilmir.
Əgər ailə üzvlərinizlə birlikdə daima yaşamaq üçün yeni mənzilə köçərsinizsə, onda həmin mənzilə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata düşməlisiniz. Çünki "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Qaynarinfo.az