Xəbər lenti

Ataların "gah nala, gah mıxa" vurmaq siyasəti
Ölkə13:04 07.04.2018

Ataların "gah nala, gah mıxa" vurmaq siyasəti

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir az əvvəl "Facebook”da qarşıma belə bir paylaşım çıxdı: 
"Altı yaşım olanda mən bu şah əsərimi çəkdim. Şəkli böyüklərə göstərdim və onun vahiməli olub-olmadığını soruşdum. Onlar isə "Adi bir şlyapa niyə də vahiməli olmalıdır?" deyə rişxəndlə cavab verdilər. Mənim şəklimdə şlyapa yox, udduğu fili həzm edən əfi ilan təsvir olunurdu. Onda mən böyüklərə aydın olsun deyə, əfi ilanın daxildən görünüşünü çəkdim. Böyüklər mənə əfi ilanı daxildən və xaricdən çəkmək əvəzinə coğrafiya, tarix, riyaziyyat və qrammatika ilə maraqlanmağı məsləhət gördülər. Bax beləcə mən altı yaşımdaykən gözəl rəssamlıq sənətini tərk etdim. Çəkdiyim şəkillərin uğursuzluğu məni ruhdan saldı. Böyüklər öz-özlüyündə heç vaxt heç nə başa düşmürlər, uşaqlar isə onlara hər dəfə bir şeyi izah etmək üçün yorulub əldən düşürlər. Onlar özlərinin də nə vaxtsa uşaq olduqlarını unudurlar”. 
Bu hekayə Antuan dö Sənt Ekzüperinin "Balaca Şahzadə"sindəndir. Hekayəni oxudum və yadıma hələ bir neçə gün əvvəl gündəmimizi zəbt edən avtobusdakı böyük-kiçik davası düşdü. Hadisəyə hərəmiz bir münasibət göstərdik. Amma orada görməli olduğumuz tək gerçək yer üstündə bir-birini qanına qəltan etməyə hazır olan millətimizin "böyüyü” və "kişisi” idi. Hər nə qədər "düzgün otur, ayağını çək” cümlələri üzərindən yola çıxılsa da, heç kimə sirr deyil ki, qadının hikkəsinin səbəbi gəncin ona yer verməməsidir. Nəzərə alsaq ki, cavan olmasına baxmayaraq, fiziki problemi ola biləcək və ya heç bir problemi olmasa da, özünü haqlı olaraq kiməsə hörmət etmək məcburiyyətində hiss etməyən oğlan da hamı kimi 20 qəpiyini verib o nəqliyyatdan istifadə edir və hər kəs bərabərhüquqludur, onda bütün günah qarşısındakı insana başı, bədəni, əli, qolu olduğu üçün hörmət etməyi bacarmayan, ancaq hörmət tələb edən "böyükdədir”. Vallah, yox, sizin boş məsələni o qədər uzatmanızın yanında mənim cümləm əksinə qısadır. Əslində özüm bəzən həddindən artıq yorğun da olsam, hər hansı fiziki problemim də olsa, özümdən böyüklərə yer verirəm. Çünki kiçiklikdən valideynlərim tərəfindən psixologiyama yeridilən böyük-kiçik anlayışının qurbanıyam. Mən artıq belə formalaşmışam. Əksini edəndə vicdanım tərəfindən təcavüzə uğradığıma görə başım dinc olsun deyə ömür boyu da bu düşüncəyə baş əyəcəyəm. Necə deyərlər, "Böyüyə hörmət elə, sən də böyüyəcəksən”.
Atalarımızın başlatdığı bu kütləvi tərbiyəvi kəlamlarının bəzilərini yazıram ki, bəlkə siz də "ağıllanasınız”: 
Böyük danışanda kiçik danışmaz; 
Böyük sözünə baxmayan baxımsız qalar; 
Böyük hər nə çalsa, kiçik gərək oynasın; 
Böyük sözünə baxmayan, böyürə-böyürə qalar və s. və i.a. 
Bir kənara yazın, yoxsa böyüklərlə aranız heç vaxt "düzəlməyəcək”. Atalarımızın məsləhətlərindən isə belə nəticə çıxarmaq olar ki, yalnız "Ərinə itaət edən qadın xoşbəxt olar”. Amma onların öz diliylə desəm, elə "Elçisi gülüm olanın da, başına külüm olar”. 
Səhv başa düşməyin, böyükləri saymayın demirəm. Sadəcə, böyüklərimizdən Stalinin vaxtından xarakterlərində kök salan "şəxsiyyətə pərəstiş”dən bir az uzaqlaşmalarını istərdim. Axı "Ağıl yaşda deyil, başdadı” deyimini də həmin o atalar deyib. Sizi qınamıram, amma "Ağıl başa yaşla gəlir” də onların sözüdü. Ümumiyyətlə isə "Gah nala, gah mıxa vuran” ataları da çox ciddiyə almaq lazım deyil. 
Düşünürəm ki, ümumilikdə bu gün əsas problemimiz  "Palaza bürünüb, el ilə sürünmək”di. Cəmiyyətin hər şeyi ümumiləşdirilmiş halda, qəlibdə görməsi, hər şeyə "tətbiq edilə biləcək” standartlarının olması, içindən çıxılmaz hal alan hər hadisəyə "El ilə gələn dərd toy-bayram olar” deməsi bu gün məntiqini bir balaca işlədə bilən gənclərin qəzəbinə, üsyankar münasibətinə, böyüklərin gözündə isə "tərbiyəsizliyinə” gətirib çıxarır. Ki, bunların da nəticəsi aşağı-yuxarı yarım saat oturmaq üstündə polis bölməsinə qədər gedib çıxmaqdır... 
Amma bilirsiniz, nə ediriksə, edək "Ot kökü üstündə bitəcək”. Məsələn, elə yuxarıdakı cümləmdə 3 dəfə "hər” sözünü işlədib HƏR şeyi ümumiləşdirməyim mənim də hardasa"böyüməyimə” işarədir. 
Nərmin Həsənli