Xəbər lenti

Atası Rəşadət Axundovla görüşdü: “Müraciəti öz istəkləri ilə yazıblar”
Ölkə12:53 02.10.2014

Atası Rəşadət Axundovla görüşdü: “Müraciəti öz istəkləri ilə yazıblar”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 2-də Fikrət Axundov Bakı İstintaq Təcridxanasında saxlanan oğlu Rəşadət Axundovla görüşüb.

Rəşadət Axundov “Nida” Vətəndaş Hərəkatının üzvüdür. O, 2013-cü ilin yazında bir qrup “Nida”çı ilə bərabər tutulub. Onlar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il mayın 6-da çıxardığı hökmə əsasən, “Nida”çı gənclər Rəşadət Axundov, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Mayın 6-da Rəşadət Axundov, Zaur Qurbanlı, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il həbs cəzası verilib.

2014-cü il mayın 29-da Bəxtiyar Quliyev, iyulun 8-də Şahin Novruzlu prezident İlham Əliyevə müraciət edərək əfv olunmalarını istəyiblər. Bəxtiyar Quliyev həmçinin “Nida”dan çıxıb və vəkilindən imtina edib.

Sentyabrın 28-də Rəşadət Axundov, Rəşad Həsənov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Məmməd Əzizov və İlkin Rüstəmzadə prezident İlham Əliyevə birgə müraciət ediblər. Müraciətdə onlar qeyd ediblər ki, bilik və bacarıqlarını müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsinə sərf etmək istəyirlər. Həbsdə olduqları müddətdə ölkə daxilində və xaricdə gedən prosesləri müşahidə etdiklərini, bir sıra dəyərləndirmələr apardıqlarını diqqətə çatdıran “Nida”çılar prezidentin müstəsna səlahiyyətindən istifadə edərək onları cəzadan azad edəcəyinə inandıqlarını vurğulayıblar.

Oktyabrın 2-də “Media forum” saytına açıqlamasında Fikrət Axundov bildirib ki, Rəşadət və digər məhbus “Nida”çılar prezident İlham Əliyevə müraciəti öz istəkləri ilə yazıblar, onlara heç bir təzyiq olmayıb.

Fikrət Axundov qeyd edib ki, “Nida”çılar öz həyatlarını Azərbaycana, xalqa bağlayıblar: “Onlar əllərindən gələni edəcəklər ki, Azərbaycanın müstəqilliyi təhlükə altına düşməsin”.

Müraciətin müsbət nəticə verib-verməyəcəyi barədə gözləntilərə gəlincə, atası deyib ki, Rəşadət Axundovun bununla bağlı hələ bir gözləntisi yoxdur: “Onlara bu haqda heç bir məlumat verməyiblər”.

Fikrət Axundov Rəşadətin özünü yaxşı hiss etdiyini, istintaq təcridxanasında problemlərinin olmadığını da söyləyib.

Rəşadət Axundov 1984-cü ildə Beyləqanda doğulub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Mərkəzi Avropa Universitetində (Budapeşt) işgüzar idarəçilik üzrə magistr dərəcəsi qazanıb. Ailəlidir, bir oğlu var.

Qaynar.info