
Neftçalada atasını öldürərək meyitini yandırıb külünü Kür çayına atan oğulun daha bir ağır cinayətinin üstü açılıb.
APA-nın xəbərinə görə, 2014-cü ilin fevralında Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, taksi sürücüsü kimi fəaliyyət göstərən 1964-cü il təvəllüdlü Rüstəmov Kamal Ədalət oğlunun itkin düşməsi barədə polisə məlumat daxil olub. Hadisədən bir gün sonra Kamal Rüstəmovun idarə etdiyi "VAZ 21011" markalı 47 ** 421 dövlət nömrə nişanlı avtomobil yanmış halda rayonun Pirəbbə kəndinin ərazisində aşkar edilib. Avtomobilin yanında onun ayaqqabısı tapılıb. Lakin yanmış avtomobilə polis tərəfindən baxış keçirilərkən hər hansı cəsəd aşkar edilməyib.
Həyata keçirilən tədbirlər nəticəsində həmin qətlin rayon sakini, 1992-ci il təvəllüdlü Heybətov Emil Aydın oğlu tərəfindən törədildiyi müəyyən edilib. E. Heybətov K. Rüstəmovu öldürdükdən sonra onun avtomobilini yandırıb, meyitini Bakı şəhərinə gətirib və Balaxanı qəsəbəsində kirayədə qaldığı evin həyətində basdırıb.Qaynarinfo.Az