Asif Nərimanlı
Siyasət 18:58 20.10.2022

ATƏT-in mandatsız və əsassız “missiyası” - Siyasi turizm yenidən başlayır?

ATƏT Ermənistana "ehtiyacların qiymətləndirilməsi missiyası” göndərəcək: 21-27 oktyabr tarixində Ermənistanda olacaq missiya Azərbaycanla sərhəddə vəziyyəti qiymətləndirəcək.

Hansı mandat və hansı razılaşma ilə? ATƏT-in belə bir addımı təbii olaraq bu sualı da ön plana çıxarır, çünki missiyanın qiymətləndirəcəyi vəziyyətin bir tərəfi də Azərbaycandır və rəsmi Bakının açıqlamasından məlum olur ki, təşkilatda bu məsələ ümumiyyətlə müzakirə olunmayıb, hər-hansı konsensus yoxdur.

Konsensusla qəbul edilməyən "missiya”nın hüquqi tərəfinin olmaması ilə yanaşı, siyasi tərəfi diqqət çəkir və birdən çox məsələni ön plana çıxarır.

Birincisi, ədalət və hüququn yox, siyasi maraqların əsas götürülməsidir;

Azərbaycan torpaqları işğalda olduğu dövrdə Bakının əsas istəklərindən biri münaqişənin həlli prosesində vasitəçilik missiyasının təşkil edildiyi ATƏT-in işğal altındakı ərazilərə faktaraşdırıcı missiyasını göndərməsi idi. 2005-ci il və 2010-cu illərdə iki missiya ilə bağlı razılaşma əldə olunması üçün illərlə vaxt lazım oldu, lakin heç bir missiya göndərilmədi. 2020-ci ilə qədər Azərbaycanın növbəti belə missiyası ilə bağlı müraciəti yenə də Ermənistanın müqaviməti nəticəsində baş tutmadı. Bakının göndərilməsini istədiyi missiyanın baş tutmamasının səbəbi ümumi konsensusun olmaması idi və ATƏT rəhbərliyi bunu əsas götürürdü. İndi isə müzakirə edilmədən, Ermənistanın təşəbbüsü ilə "missiya”nın göndərilməsi bu təşkilatın siyasiləşdiyini, lazım olanda öz təməl prinsiplərini çeynədiyini təsdiq edir.

İkincisi, "missiya”nın mandatı yoxdur;

ATƏT-də hansısa missiyaın göndərilməsi üçün məsələ ümumi müzakirəyə çıxarılır və konsensusla qəbul edildiyi halda qərar verilir. Ermənistana göndərilən "missiya” ilə təşkilatın kollektiv qərarverici orqanı tərəfindən müzakirə edilərək, qəbul edilməyib. Bu baxımdan, "missiya” ATƏT-in mandatına malik deyil və təşkilatla əlaqələndirilə bilməz. Bu, sadəcə Ermənistanın müraciəti əsasında ATƏT Katibliyinin qəbul etdiyi qərara əsaslanır.

Üçüncüsü, müzakirə və konsensusun olmaması ATƏT daxilində "missiya” ilə bağlı fikir ayrılığının olduğunu ortaya çıxarır;

Dördüncüsü, Avropada siyasi qarşıdurma yaşanır?!

Avropa İttifaqının Ermənistana missiya göndərməsinin ardınca, ATƏT-in də belə bir təşəbbüsə əl atması bu məsələni aktuallaşdırır. Əgər bölgədə Aİ missiyası varsa, ATƏT-ə ehtiyac olmamalıdır. Xeyr, Avropanı təmsil edən hər iki təşkilat ayrı-ayrı missiya göndərirsə, bu, daxili siyasi qarşıdurmanın nəticəsidir.

Ermənistana "missiya” göndərən ATƏT-in indiyə qədər heç bir münaqişənin həllində nəticə əldə etmədiyi faktı da burada ayrıca diqqət çəkir. Biz bunu Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu fəaliyyətsizliyi və həmsədrlərin turist səfərləri ilə yadda qaldı. Nəticədə müharibə baş verdi və Azərbaycan həmsədrlərin edə bilmədiyini özü həyata keçirdi.

ATƏT 2014-cü ildə Ukraynakı münaqişəsinin nizamlanması ilə də məşğul olub və bu gün müharibə gedir.

Təşkilat Ermənistan-Azərbaycan münaqişəsində faktiki uğursuzluğuna rəğmən, yenidən iki ölkə arasındakı məsələlərə müdaxilə etməyə cəhd göstərir. Burada siyasi maraqlarla yanaşı, ezamiyya pullarının bölüşdürülməsi, turist-qastrol səfərləri ilə gənintilərin təşkili kimi maxinasların olduğu da istisna deyil.

Asif Nərimanlı