Xəbər lenti

Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır
Dünya 19:50 04.08.2026

Avropa sahillərində sunamilər artır: Bəzi şəhərlər yeni təhlükələrə hazırlaşır

Fransanın Lazur sahili boyunca sunami təhlükəsi zamanı insanları dənizdən uzaq istiqamətə yönləndirən təxminən 800 xəbərdarlıq nişanı quraşdırılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel" nəşri yazır.

Buna səbəb UNESCO-nun yaxın 30 il ərzində Aralıq dənizində güclü sunami baş vermə ehtimalının demək olar ki, 100 faiz olduğunu bildirən xəbərdarlığıdır.

Nitsa aqlomerasiyasına daxil olan altı sahilyanı bələdiyyə – Nitsa, Kanye-sür-Mer, Sen-Loran-dü-Var, Vilfranş-sür-Mer, Bölyö-sür-Mer və Ez – iyun ayında rəsmi olaraq "Sunami Ready" statusu alıb. Daha əvvəl bu sertifikat Kann, Yunanıstanın Samos adası və İtaliyanın Minturno şəhərinə verilmişdi.

Mütəxəssisləri ən çox narahat edən məqam sahildən təxminən 20 kilometr aralıda yerləşən Liquriya qırılma zonasıdır. Burada Afrika və Avrasiya tektonik plitələri toqquşur. Alimlərin fikrincə, bu ərazidə gərginlik daim artır və gec-tez güclü zəlzələ ilə nəticələnə bilər.

Monpelyedəki Paul-Valeri Universitetinin coğrafiyaşünası və 2005-ci ildən UNESCO-nun müvafiq işçi qrupunda çalışan Frederik Leone bildirib ki, bu, təşviş yaratmaq cəhdi deyil, statistik reallıqdır. Onun sözlərinə görə, bəzi ssenarilərdə sunami dalğaları sahilə cəmi 10 dəqiqəyə çata bilər.

Leone qeyd edib ki, sunaminin əsasən Asiya problemi olduğu barədə geniş yayılmış fikir yanlışdır. Onun sözlərinə görə, Sakit okeandan sonra dünyada ən çox qeydə alınmış sunami hadisələri məhz Aralıq dənizi hövzəsində baş verib.

Region əvvəllər də belə fəlakətlərlə üzləşib. 1887-ci ildə Liquriya dənizində baş verən zəlzələ nəticəsində Antib və Kann sahillərində iki metrədək dalğalar yaranmışdı. 1979-cu ildə Nitsa limanında baş verən sualtı sürüşmə çoxmetrlik dalğa yaradaraq doqquz nəfərin ölümünə səbəb olmuşdu. 2003-cü ildə Əlcəzairin Bumerdes şəhərində baş verən və təxminən 2300 nəfərin həyatına son qoyan zəlzələ isə Balear adalarına qədər çatan üçmetrlik sunami dalğası yaratmışdı.

Seysmoloq Aleksander Rudloff sunaminin yaranma mexanizmini masanın üzərindəki su dolu stəkanla müqayisə edir. Onun sözlərinə görə, altdan gələn təkan suyu hərəkətə gətirir və dalğalar kənarlara doğru yayılır. Ən pis ssenaridə isə güclü zəlzələ nəticəsində yaranacaq dalğalar Aralıq dənizinin demək olar ki, bütün sahillərinə çata bilər.

Alimlər gələcək sunami dalğalarının dəqiq hündürlüyünü proqnozlaşdıra bilməsələr də, hesablamalar ən azı bir metr hündürlük ehtimalını göstərir. Frederik Leone vurğulayır ki, təhlükəni müəyyən edən təkcə dalğanın hündürlüyü deyil, həm də onun hərəkət sürətidir. Hətta 50 santimetrlik dalğa belə insanı yıxa, çimərlik avadanlıqlarını apararaq avtomobilləri yerindən tərpədə bilər.

Fransanın Aralıq dənizi sahillərində tətbiq olunan qaydalara əsasən, sunami xəbərdarlığı verildikdə və ya sahildə su qəfil geri çəkildikdə insanlar dərhal dənizdən ən azı 200 metr uzaqlaşmalı və ya dəniz səviyyəsindən beş metrdən yüksək nöqtəyə qalxmalıdırlar. Çay mənsəbləri yaxınlığında isə təhlükəsiz məsafə ən azı 500 metr hesab olunur.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->