
Bu gün sərnişinlərin böyük əksəriyyəti avtobus sürücülərindən narazıdır, çünki onlarla bağlı etikadan kənar məqamlar çox baş verir.
Məsələn sürücülərin telefonla danışa-danışa, siqaret çəkə-çəkə avtobusu idarə etməsilə tez-tez rastlaşmaq olar. Hətta avtobusu qapıları açıq idarə edənlər də az deyil. Avtobusların iştirakı ilə baş verən qəzaların çoxluğu da sürücülərin peşəkarlığının aşağı səviyyədə olmasından, yol hərəkəti qaydalarını bilməməsindən və son vaxtar artan templə müşahidə edilən sürücü mədəniyyətinin yoxluğundan xəbər verir.
Bu da özlərində etik davranışları formalaşdıra bilməyən sürücülər üçün kurslara ehtiyac olduğunu göstərir. Artıq Nəqliyyat nazirliyi sürücüləri xüsusi kurslardan keçdikdən sonra avtobusu idarə etməyə icazə verəcək. Bu isə vətəndaşların rahat və sağlam mənzil başına çatmasına şərait yaradacaq. Bəs paytaxt sakinləri sürücüləri necə görmək istəyir?
Avtobus sürücüləri işə imtahanla qəbul ediləcəklər. Nəqliyyat nazirliyi sərnişinlərin də ürəyincə olacaq addım atır. Daha peşəkar sürücülərin hazırlanması üçün sürücülük bazası yaradılacaq və yaxın gələcəkdə ictimai nəqliyyatda sürücü işləmək istəyənlər xüsusi imtahan əsasında seçiləcək. Bu zaman “Avtomobil nəqliyyatı qaydaları haqqında qanun”nun tələb etdiyi müddəalar əsas götürüləcək.
Kurslarda sürücülərə yol hərəkəti qaydaları ilə yanaşı etik normalar da öyrədiləcək. Avtobus sürücüsü olmaq istəyən 21 yaşını tamamlamış, 3 il sürücülük təcrübəsi olan və D kateqoriyalı sürücülük vəsiqəsi olan hər bir şəxs bu kurslarda iştirak edə bilər. Kurslar nazirliyin Dərnəgül şossesində tədris kurs kombinatında təşkil ediləcək. Nazirlik həmçinin 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Yay Olimpiya oyunları ərəfəsində ictimai nəqliyyatda işləyən sürücülər üçün ingilis və rus dillərində xüsusi kurslar təşkil ediləcək. Bununla da sürücülərin xarici qonaqlarla rahat ünsiyyəti təmin edilmiş olacaq.
Qaynar.info