Xəbər lenti

Avtomobil bazarında durğunluq aradan qalxır - FOTOLAR
Ölkə16:59 26.07.2015

Avtomobil bazarında durğunluq aradan qalxır - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avtomobil bazarındakı durğunluq tədricən aradan qalxır. Dolların bahalaşmasından sonra bazarda alıcılıq zəifləsə də hazırda vəziyyət normaldır. Satıcılar da alıcılıqdan narazı deyil. “Yeni Müsavat”ın müxbiri Səbail rayonu, Badamdar qəsəbəsində olan maşın bazarına baş çəkib və bazarın durumu ilə maraqlanıb. 
Paytaxtdakı bu maşın bazarı həftədə bir dəfə bazar günü təşkil olunur. Buraya həm avtomobil alverçiləri, həm də şəxsi maşınlarını satmaq istəyənlər gəlir. Ucu-bucağı görünməyən maşın bazarını gəzib alıcılarla satıcılar arasında gedən dialoqları izləyirik. 
Alverçilər əvvəlki aylara nisbətən bu ayda avtomobil bazarının bir qədər dirçəldiyini deyir. Bazarda özümüzü alıcı kimi təqdim edib müxtəlif markalı ikinci əl maşınların qiymətləri ilə maraqlanırıq. 
Satıcılardan biri 1998-ci ilin istehsalı olan “Mercedes E 220” markalı avtomobili 8300 manata təklif edir. Alıcı isə 300 manat endirim etməsini istəyir. Bir qədər mübahisədən sonra avtomobil 8000 manata satılır. 
2012-ci ilin istehsalı “Daewoo Gentra” markalı maşının qiyməti 13 min manatdır. Lakin alıcılara kredit şərtləri ilə də təklif olunur. İlkin ödənişi 1900 manat olmaqla, aylıq  360 manata 50 aya əldə etmək mümkündür. 
Ən ucuz təklif olunan avtomobillərdən biri də İran istehsalı olan “Saipa” markalı avtomobillərdir. Bu maşınlar əsasən kreditlə təklif olunur. Belə ki, 1600 manat ilkin ödəniş verməklə 3 il müddətinə aylıq 350 manata almaq olar. Bu avtomobillərin nağd qiyməti 12-13 min manatdır.  
“Opel” markalı ikinci əl avtomobillərin qiyməti 5-7 min manat arasında dəyişir. Maşın bazarında artıq Sovet istehsalı olan “Jiquli” markalı avtomobillərə tələbat azalıb. Bu avtomobillər nə qədər ucuz olsa da alıcısı yoxdur. 
VAZ-21 06 markalı şəxsi avtomobili satan Aydın adlı satıcı deyir ki, 3 həftədir hər bazar günü maşınını bazara çıxarır, ancaq müştəri tapa bilmir: “Artıq bu maşınları alan yoxdur. Hamı Avropa istehsalı olan maşınlara qaçır”. 
Bazarda şəxsi avtomobillərini satanlarla alıcılar arasında alverçilər dəllallıq edir. Belə ki, alverçilər nağd qiymətə avtomobili sahibindən alıb alıcılara kredit şərtləri ilə təklif edirlər. Almaq istədiyi avtomobilə imkanı çatmayan şəxslər bu alverçilərə müraciət edir. 
Bazarda ən bahalı avtomobilləri banklar təklif edir. Burada “Mercedes” markalı ikinci əl avtomobillərin nağd qiyməti 14-16 min manatdır. Alıcılar bu məbləğin 30 faizini ilkin ödəniş verməklə, qalan məbləği aylar üzrə bölərək ala bilərlər. Qeyd edək ki, kreditlə əldə olunan avtomobil qiymətindən asılı olaraq alıcıya təxminən 25-30 faiz baha başa gəlir.
“Range Rover”, “Lexus”, “Tayota” markalı ikinci əl avtomobillər üçün ilkin ödəniş isə 10 min manatdan başlayır. Təbii ki, bu zaman aylıq ödəniş də 1000-1500 manat olur. 
Alıcılarda nağd pul az olduğundan bazarda alver əsasən kredit şərtləri ilə reallaşır. Bütün avtomobillərin üzərində nağd qiyməti ilə yanaşı lizinq şərtləri də yazılıb. 
Satıcılar avtomobillərin gömrükdən keçirilməsi zamanı yaşadıqları əngəllərdən şikayət edirlər. Deyirlər ki, 2005-ci ilə qədər istehsal olunan avtomobillər ölkəyə buraxılmır. Yalnız ili 2005-dən yuxarı olanları gətirmək mümkündür. Bu da bazarda qiymətlərə təsir edir. 
Satıcılar deyir ki, Azərbaycanda avtomobilin qiymətləri qonşu ölkələrlə müqayisədə həddindən artıq bahadır. Çünki, gömrük haqları yüksək olduğundan bu məbləğ də maşınların satış qiymətinə əlavə olunur. 
Maşın bazarında yerləşən avtosalonlarda isə təzə avtomobillər təklif olunur. İkinci əl avtomobillərlə müqayisədə yeni avtomobillərə tələbat nisbətən zəifdir.



























Qaynar.info