"Dövlət qurumlarımız ancaq görüntü yaratmağı və şəhərin mərkəzində ölkə rəhbərliyinin görə biləcəyi yerlərdə iş görməyi bacarır. Bu elə əvvəldən belə olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı paytaxt Bakıda qarın yaratdığı problemlər və onun həlli yollarından danışarkən deyib. Ekspert bu məsələdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib:
"Şəhər rəhbərliyi və yollara cavabdeh olan qurumlar, xüsusən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hər il necə işləyibsə, bu gündə elə davam edir. Heç bir fərq görünmür. 5 il əvvəl hansı küçələri təmizləyibsə, bu gün də onları təmizləyirlər. Hansısa bir məhəllədaxili yolda heç bir iş görülmür. Təəssüflər olsun ki, hər il milyonlarla vəsait xərclənir, yeni texnikalar alınır, bunların sayı artır, amma biz bunu qar yağanda yollarda görmürük”.
Elməddin Muradlı respublika əhəmiyyətli yollarda da vəziyyətin ürəkaçan olmadığını vurğulayıb:
"Dəfələrlə belə halın şahidi olmuşam, yol polisləri gecədən xidmət aparırlar, kimsə yolda qalanda onu posta kimi aparırlar. Gecənin yarısı qar yağır, buz bağlayır, amma AAYDA-nın əməkdaşlarını tapmaq mümkün olmur. Zəng edib maraqlananda deyirlər ki, onların iş saatı səhər 8:00 başlayır. Bilmirəm, bunların hamısı müdirdir? Hadisələrə niyə çevik müdaxilə etmirlər? Müəllim kimi gəlib, müəllim kimi getməyə öyrəncəlidirlər. Yol polisləri bunu bilsələr də, açıq deyə bilmirlər, çünki onlar da bir dövlət qurumudur. Amma mən bunu bilirəm və deyirəm. Çox məsuliyyətsiz bir hərəkətdir.
Budur xidmət? Turizmi belə inkişaf etdirirlər? Baxın Türkiyə, Gürcüstanın yollarına, görün onlarda qar yağanda problem olur? Sonra da deyirlər ki, Azərbaycan vətəndaşları ölkədaxili deyil, ölkədən kənar səyahətə üstünlük verir. Sizin kimi yatıb səhər 8:00-da yolu təmizləmirlər ki? 10 ildir mən bunların işini izləyirəm, amma müsbətə dəyişən heç nə yoxdur”.
Elməddin Muradlı sürücülər arasında da məsuliyyətsizliyin baş alıb getdiyini açıqlayıb:
"Avtomobillərə vaxtında texniki xidmət göstərilmir, təkərləri qış mövsümünə keçirmirlər, sürət həddinə əməl etmirlər və s. Bir həftə əvvəl kəskin hava şəraiti ilə bağlı elan verilir, təbliğat aparılır, baxırsan ki, sürücülərin əksəriyyəti bunu eşitməyib. Hara baxırlar bunlar? Camaatın vecinə də deyil, bəs siz nəyə baxırsınız? Şou müğənnisi ilə bağlı məlumat olsa elə tez eşidərsiniz ki”.
Bahar Rüstəmli