Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, bu il Şərqin ilk demokratik respublikası olan Azərbacan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olacaq. Cəmi 23 aylıq hakimiyyəti müddətində (1918 ci il 28 may - 1920-ci il 28 aprel) AXC bir sıra demokratik islahatlar həyata keçirib. Təsadüfi deyil ki, indiki müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı hesab olunur.
Bəs AXC-nin sahib olduğu demokratik dəyərlərin hansına sahib çıxa bilmişik, ümumiyyətlə AXC-nin formalaşdırdığı dəyərlər sistemini sahiblənə bilmişikmi?
Bununla bağlı Qaynarinfo-ya danışan Avropa Hərəkatının prezidenti Ramin Hacılı 2018-ci ilin "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsini təqdirəlayiq addım hesab etdiyini bildirib. O, Azərbaycanın gənc dövlət olduğunu və demokratik dəyərlər sisteminin tam olaraq formalaşdığını deməyin düzgün olmadığını, demokratiya, insan haqları, vətəndaş cəmiyyəti quruculuğu kimi dəyərlərin zaman alan məsələ olduğunu deyib:
"Əvvəla cənab prezidentin verdiyi bu qərarı təqdir edirəm və düşünürəm ki, verilməli olan bir qərar idi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi tamam olur və şərqə, ümumiyyətlə dünyaya nümunə ola biləcək bir cümhuriyyət qurmuşuq. Onun qeyd olunması, dünyaya, o cümlədən Azərbaycan vətəndaşlarına xatırladılması, o ənənələrin dövlət və vətəndaşlar səviyyəsində qeyd olunması çox təqdirəlayiq haldır.
İkinci əsas məsələ odur ki, Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu dəyərləri bu gün nə qədər mənimsəmişik və ya mənimsəyə bilmişikmi?!
Qeyd edim ki, Xalq Cümhuriyyəti qurulan zamanda da Azərbaycan əhalisinin seçkilərdə iştirak etmək hüquqları, Azərbaycan vətəndaşları arasında dövlətçilik ənənəsi, milli hökumətin qurulması və özünüidarəetmə mexanizmi kimi bir anlayışlar mövcud deyildi. İnsanlar uzun müddət idi ki, ya xanlar, ya da Çar Rusiyası tərəfindən idarə olunurdu və müstəqil dövlətçilik ənənəsi yox idi, amma həmin dövrdə Azərbaycan ziyalıları insanlara belə bir şeyin mövcud ola biləcəyini xatırladırdılar. Bu gün də eyni bir durumdayıq - uzun müddət Azərbaycanı SSRİ kimi qapalı bir idarəçilik mexanizmi olan rus imperiyası idarə edib, insanlarda özünü idarəetmə anlayışı zəifdir, amma dövlətçilik ənənəsi formalaşdırmaq istiqamətində çalışan gənc bir dövlətik. Ona görə o dəyərlərin xatırladılması, Azərbaycanın özünü cümhuriyyətin varisi kimi təqdim etməsi dövlətin vətəndaşlara bir mesajıdır ki, biz artıq müstəqil dövlətçilik ənənələrimizlə formalaşdırılan bir quruluşdayıq, özümüz özümüzü idarə etməliyik. Özünü idarə etmək isə demokratik prinsiplərdən, vətəndaşların azad şəkildə seçib-seçilmək hüququndan keçir. Əgər sən öz rəhbərini, bələdiyyəni, hətta polisini belə özün seçirsənsə, artıq həmin ölkəni, həmin məhəlləni sən idarə etmiş olursan. İnsanın azad olması, "mən idarə olunmuram, mən idarə edirəm" qüruru onun şəxsiyyət kimi formalaşmasını təmin edir.
Bir şeyi qeyd etmək istərdim ki, qərb ölkələrində bağçadan tutmuş universitetə, sonrakı illərdə isə dövlət idarəçiliyinə qədər bütün məsələlərdə vətəndaşlara seçib-seçilmək hüququ verilir. Bu hüquq ona görə verilir ki, insan şəxsiyyət kimi böyüsün və körpəlikdən özünün sahibliyini dərk etsin. Bu, bizim dövlətimizin də inkişafına bir təkan olacaq. Çünki insanlar seçdikləri, özləri idarə etdikləri bir cəmiyyətdə doğmalaşır və bu doğmalığı daim düşməndən də, yad ünsürlərdən də qoruyub saxlamağa çalışır.
Demokratiya, insan haqları, vətəndaş cəmiyyəti quruculuğu kimi dəyərlər zaman alan məsələdir. Artıq bizdə bu formalaşıb demək düzgün olmaz. Bunun tam olaraq formalaşması üçün təbii ki, illər lazımdır. İnsanların bunu tam olaraq dərk etməsi, dövlətin buna uyğunlaşan bir siyasət formalaşdırması mərhələli şəkildə həyata keçirilməli olan bir prosesdir. Əsas odur ki, biz bu prosesi davam etdirdik, bu prosesdə varıq. Prosesin özünün mövcud olub, davam etməsi artıq pozitiv danışmağımıza, gələcəklə bağlı nikbin olmağımıza səbəb olur. Bu gün hansısa çatışmazlıqlar ola bilər. Önəmli olan odur ki, biz çatışmazlıqları aradan qaldırmaq üçün çaba göstəririk, ya yox? Bu, böyük bir sualdır. Əgər bu sualın cavabı müsbətdirsə, o zaman gələcəklə bağlı nikbin olmağa dəyər. Təbii ki, bu prosesdə dövlətlə yanaşı ziyalılarımızın da üzərinə böyük yük düşür və bu dəyərləri daşıyan ziyalıların cəmiyyətdə aktiv rol almasından çox şey asılıdır".
Ağ Partiyanın sədri Tural Abbaslı isə AXC-nin, Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının bu gün siyasi rəqabətin predmeti kimi istifadə edilməsini pisləyib və bunun zərbəsini tariximizin çəkdiyini bildirib. O, qeyd edib ki, həm hakimiyyət, həm müxalifət, həm də xalq başa düşməlidir ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim üçün bir dəyərdir və bu dəyəri qoruyub saxlamaq, ona hörmətlə yanaşmaq hamımızın borcudur:
"Mən o qədər pessimist deyiləm ki, AXC dəyərlərinə o qədər də yiyələnə bilməmişik deyim. Ən azından bu gün müstəqil dövlət var və müstəqil dövlət də AXC-nin varisi olaraq elan edilir. Bayraq həmin bayraqdır, gerb həmin gerbdir, himn həmin himndir, dövlətimiz demokratik dəyərlər əsasında formalaşıb, dünyəvi dövlətdir, qadınlara münasibətdə, səsvermədə, seçilmədə, vətəndaş bərabərliyi məsələlərində və s. bu kimi dəyərlərə sahib çıxmışıq. Amma bugünkü hakimiyyətin rəhbərliyi ilə demokratik dəyərlər nə dərəcədə sahiblənir və ya Azərbaycan Xalq Cümhuriyyətinin mirasına nə qədər sahib olmuşuq, bu müzakirə oluna bilər.
Düşünürəm ki, hazırkı hakimiyyətin həmin dönəmin tarixinə, həmin dönəmin tarixi şəxsiyyətlərinə qısqanc yanaşmasının səbəbi bugünkü siyasi konnekturadan asılıdır. Yəni bu gün həmin dönəmi, həmin insanları, həmin partiyanın adını siyasi rəqabətin predmetinə çevirdikləri üçün, hakimiyyət onlara qısqanclıqla yanaşır. Yəni, ümumiyyətlə Müsavat, müsavatçılıq ümummilli bir dəyərdir, Azərbaycan xalqının dəyəridir. Bunu bu gün hansısa siyasi partiya rəqabət predmeti edəndə, onun zərbəsini tariximiz çəkir. Artıq Məhəmməd Əmin Rəsulzadənin adı, onun müttəfiqlərinin adları tarixdən sıxışdırılır, Müsavat Partiyasının adı tarixdən silinir ki, bugünkü siyasi reallıqlara təsir etməsin, amma zamanla hər şey öz yerini tapacaq. Artıq bu ili hakimiyyətin "Cümhuriyyət ili" elan etməsinin özü müsbət addımdır. Ən azından tarix hamımızındır, burada kimin iqtidar, kimin müxalifət olmasının heç bir önəmi yoxdur. Yəni, buna sahib çıxmaq hamımızın borcudur. Tariximizi, dəyərlərimizi bilməliyik ki, gələcəyə daha sağlam addımlarla irəliləyək. Keçmişini bilməyən millətlər o qədər də qabağa gedə bilmir. Güman edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bir fürsət olar, artıq həm hakimiyyət, həm müxalifət, həm xalq, bir sözlə hamı başa düşər ki, ümummilli dəyərlər var və bu dəyərlər sahiblənilməlidir. Həmçinin bu, bir vəsilə olar ki, o tariximiz, ümumiyyətlə tariximiz siyasi rəqabət predmeti olmaqdan çıxar, tarixə ədalətlə yanaşılar və siyasi konnekturanın tərkib hissəsi kimi baxılmaz".
Çingiz Səfərli