Xəbər lenti

Axx, necə kef çəkməli əyyamdayıq...
Ölkə11:30 10.06.2013

Axx, necə kef çəkməli əyyamdayıq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Üzeyir Cəfərov



Yaxud düşmənlə alver etmək istəyənlərə Qarabağ savaşının iştrakçısının ürək sözləri

Deyirəm ki, çox maraqlı və son dərəcə rəngarəng bir dövlətdə yaşayırıq. Birisi gəlib sənin torpaqlarını, malını-mülkünü əlindən alsın, bu həyasızlıq 20 ildən artıq bir müddəti əhatə etsin, sən də sanki heç nə olmamış kimi, onunla əməkdaşlıq etməyə, alver etməyə cəhd edəsən. Özü də, onun təşəbbüsü ilə deyil, özünün şəxsi maraqların nöqteyi-nəzərdən. Bir qədər səbrli olsanız, sözümün canının nə olmasını  özünüz də görər və mənimlə birgə çoxunuz belə rəzalətə və mənzərəyə görə həmin məmurlara, dövlət adından danışan şəxslərə görə xəcalət təri tökəcəksiniz. İstəməzdim burda ağır ifadələr işlədəm və etiraf edirəm ki, Qarabağ savaşının iştrakçılarından biri kimi, şəxsən mənim kimi minlərlə, bəlkə də, on minlərlə insan üçün belə qeyri-ciddi fikirləri, ürək bulandıran mənzərəni görmək son dərəcə ağır və utancverici bir haldır.

Söhbətin, yəqin ki, bu günlərdə Azərbaycanın  Ermənistana qaz verə bilməsi ilə bağlı Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-yə verdiyi eksklüziv müsahibəsindən getdiyini başa düşdünüz. Cənab Rövnəq müəllim deyib ki,  “Azərbaycan humanist ölkədir və regionda aparıcı dövlət kimi öz məsuliyyətini dərk edir. Ermənistandan qazla bağlı bizə müraciət olsa, sözsüz ki, (seçdirmə mənimdir Ü.C.) biz onlara yardımçı olarıq”.

Vallah, sizi deyə bilmərəm, amma əvvəl bu xəbəri eşidəndə, fikirləşdim ki, yəqin hansısa qəzet, ya jurnalist yenə Dövlət Neft Şirkətinin prezidenti, eyni zamanda AFFA-nın rəhbəri Rövnəq Abdullayevə Azərbaycan-Lüksemburq futbol matçına görə yığmamızın növbəti bivec oyununa görə “sataşmaq”istəyib. Amma bu sensasion xəbər bomba kimi bütün mətbuat orqanlarını tərəfindən tirajlandıqdan sonra başa düşdüm ki, bu artıq zarafat deyil. Çox üzüldüm. Xəcalət çəkdim ki, bunu hansısa erməni məmuru deyil, məhz Azərbaycanlı dövlət, hökumət adamı dilinə gətirib. Bunu tacirlik nöqteyi-nəzərdən hardasa başa düşmək olar. Amma bunu dövlət adamı dilinə gətirəndə, artıq bu tamam başqa anlama gəlir.

Özü də elə bir zamanda ki, Ermənistana havadarlıq edən Rusiya ilə bu işğalçı dövlət arasında əməlli-başlı narazılıq yaranıb. Ermənilər İrəvanda Rusiya səfirliyinin qarşısında qazın qiymətinin artırılmasına etiraz olaraq aksiya keçirir,  “Rusiya, rədd ol Ermənistandan!”, “Qazprom, rədd ol Ermənistandan!” şüarları səsləndirlər. Ermənistanda qaza tətbiq olunan yeni tariflər növbəti ayın 7-dən etibarən qüvvəyə minir. Yeni tariflərə görə ay ərzində 10 min kubmetrə qədər qaz istifadə edən Ermənistan vətəndaşları hər bir kubmetr qaza görə 38 sent pul ödəyəcəklər. Aylıq istifadəsi 10 min kubmetrdən çox olanlar üçün isə bu məbləğ indi 28 sentə bərabərdir. İqtisadiyyatı onsuz da bərbad vəziyyətdə olan Ermənistan üçün 50 faizə yaxın artım faciəyə bərabər ola bilər. Çünki yanacağın qiymətinin artması ilə yanaşı, avtomatik olaraq elektrik enerjisinin qiyməti də artacaq. Artıq ermənilər iyul ayının 7-dən etibarən elektrik enerjisini də yeni tariflərlə ödəməyə başlayacaqlar. Hökumət isə  bahalaşma ilə bağlı yaranacaq əlavə xərclərin yalnız 30 faizini kompensasiya etməyə söz verməsi də, ölkədə sosial gərginliyi azaltmaq əvəzinə, daha da artırıb.

Narazı kütləni sakitləşdirmək üçün bu gün Ermənistan hökumətinə elə Rövnəq Abdullayevin göydəndüşmə təklifi sanki “ağrıyan başa dərman” effekti verə bilər. Necə deyərlər, “heç hənanın yeridir?". Ermənistan vətəndaşları Rusiyanın Gümrü hərbi bazasına silahların ucuz qiymətlərlə yerləşdirilməsi, sərhədlərin qorunması məsələsini yenidən muzakirəyə çıxarmağı təklif edir. Ürəyi dolu olan Ermənistan vətəndaşları artıq neçə vaxtdır ki, Rusiyanın bu ölkədəki səfirliyi qarşısına etiraz aksiyaları keçirirlər. İş o yerə çatıb ki, etirazçılar Rusiya səfirinə “Bütün zülmün bir həddi var” başlıqlı məktub da göndəriblər. Qeyd edim ki, hələ may ayında “ArmRosqazprom” (Ermənistan-Rusiya Qaz Sənayesi) şirkəti istehlakçılar üçün təbii qazın qiymətini 64% artırmaq təklifi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyaya müraciət etmişdi. Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti hazırda 1000 kubmetr üçün 132 min dramdan (təxminən 318 dollar) 221 min dramadədək arta bilər.

Mən özüm bilərəkdən bu Ermənistan-Rusiya arasındakı qaz qovğasından belə ətraflı yazdım ki, ümumi mənzərəni bir daha gözlərimiz önündə canlandıraq. Yəni, əslində, belə olması bizə çox sərfəlidir. Çünki, bu iki dövlətin apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsidir ki, torpaqlarımız 20 ildən artıqdır ki, işğal altındadır. Bir də, düşmən dövləti nə qədər zəifləsə, bu bizim üçün əlverişli sayıla bilər.

Bizim hörmətli hökumət adamından isə əndrabadi, məntiqsiz bir açıqlama, bayaq qeyd etdiyim kimi, Ermənistanın yaralarına sanki məlhəm kimi başa düşülməlidir. SOCAR prezidenti Rövnəq Abdullayevin “Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq,  Azərbaycan humanist ölkədir” və sairə ifadələri gec də olsa, ölkə rəsmilərini bir qədər indiki həssas məqamda narahat etməyə başlayıb. Rövnəq Abdullayevin bu sözləri, görünür,  Prezident Adminstrasiyasında da müsbət qarşılanmayıb. Prezident Administrasiyası (PA) rəhbərinin müavini, beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ARDNŞ prezidenti Rövnəq Abdullayevin “Ermənistan qazla bağlı bizə müraciət etsə, sözsüz ki, biz onlara yardımçı olarıq” bəyanatına münasibətini bildirərkən  çalışıb ki, vəziyyəti bir qədər yumşaltsın. Hətta orta məktəblərdə olan kimi bəzi, qrammatik izah  üsullarına da əl atıb.

“Kömək edə bilər” ifadəsi zaman anlayışı kimi qrammatikada bir şərt formasıdır. Şərt forması da o deməkdir ki, müəyyən şərtlərlə biz onlara kömək edə bilərik. Amma onların bizə müraciət etməsi, öz ehtiyacları olmasını bildirməsi, ola bilsin ki, ermənilərdə müəyyən dərəcədə konstruktivliyi ortaya qoya bilər”, - deyən, PA rəsmisinin sözlərinə görə, işğalçı Ermənistan artıq öz çıxılmaz, ağır iqtisadi-siyasi durumunu anlayıb, Azərbaycanla konstruktiv mövqeyə gəlməlidir: “Onlar artıq başa düşməlidirlər ki, ömrü boyu bu coğrafi məkanda tək vyaşamayacaqlar. Ancaq təəssüflər olsun ki, onların siyasətçiləri, dövlət rəhbərləri 200 ildir avantürist siyasət apararaq erməni xalqını elə günə gətirib qoyub ki, onlar indi doğrudan da pis vəziyyətdədirlər..."

Bax burda mənim də PA rəsmisinə deyəcəyim sözlər var. Hörmətli Novruz müəllim, SOCAR prezidentinin çox uğursuz sözlərinə bir qədər yumşaltma gətirməyə çalışırsınız, eyni zamanda da siz də sanki erməni xalqının halına acımış kimi görünürsünüz... Sonra da deyirsiniz ki, Ermənistan keçmiş sovetlər dönəmində həmişə Azərbaycanın hesabına yaşayıb: “İndi də öz ağılsız, işğalçı siyasətləri üzündən çətin, acınacaqlı vəziyyətdədirlər. Əgər bu vəziyyətlərini nəzərə alıb, Azərbaycan tərəfinə müraciət edərlərsə, o zaman biz də öz şərtlərimizi, tələblərimizi ortaya qoya bilərik və qoyacağıq.  Daha bunun nəyi düz, nəyi səhv fikir oldu ki?

Deyirsiniz ki, Allah bir insana cəza verəndə, ilk əvvəl onun ağlını alır. Təbii ki, bunu ermənilərə xitabən deyirsiniz. Mən isə bu məsələdə başqa cür düşünürəm və bir az da özümüzü qınayıram... Axı nə qədər səhv etmək olar? Səhvi hamı edir, amma səhvin də dərəcəsi var. Düşmən bizim heysiyyatımıza toxunub, torpaqlarımızın xeyli hissəsini zəbt edib, insanlarını öldürüb və öldürməkdə davam edir, biz isə hansısa humanistlikdən, insanlıqdan dəm vururuq... Özü də erməni kimi tarixlər boyu bizə düşmən kəsilən bir topluma. Bir dəfə demişdim, indi yenə təkrar da olsa yazıram. Allah bizi bundan sonrakı bəlalardan saxlasın. Bu düşüncə və ağıl ilə biz hara qədər gedib çıxacağıq, deməyə çətinlik çəkirəm.