Xəbər lenti

AYB-də borc böhranı: 2020-yə qədərki borclar sıfırlandı, amma... – Şairlərin 75 manata gücü çatmır?
Ölkə 13:10 14.01.2026

AYB-də borc böhranı: 2020-yə qədərki borclar sıfırlandı, amma... – Şairlərin 75 manata gücü çatmır?

"15 ildir üzvlük haqqını verməyən yazıçı və şairlər var”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza AYB sədri Anar Rzayevin "8-10 il ərzində haqq ödəməyənlər də var” fikirinə münasibət bildirərkən deyib. Qurum əməkdaşının sözlərinə görə, üzvlük haqqı qalmaqalından sonra üzvlər arasında böyük canlanma yaranıb:

"Yavaş-yavaş üzvlük haqqını ödəyənlərin sayı artmaqdadır. Üzvlük haqqını ödəyənlərin sayı mühasibatlıqda var. Onların siyahısı yayılmır, məxfidir. Kimin nə qədər üzvlük haqqı verməsi, kimin nə qədər borcu olması qurum tərəfindən açıqlanmır. Kim üzvlük haqqını ödəməsə, qurumdan kənarlaşdırılacaq. Proses gedir, fevral ayının 2-nə kimi vaxt var. Anar müəllim 8-10 il deyir, hətta mən bir az da bunu artırıram: 15 ildir üzvlük haqqını ödəməyənlər var. Bunun bir sonu olmalıdır”.

Xəyal Rza bildirib ki, 15 ildir üzvlük haqqını verməyən yazıçı və şairlərə rəhbərlik tərəfindən güzəşt edilib.

"Biz humanistlik edib onların borclarını 2020-ci ilə kimi sıfırlamışıq. 5 il qalır, buna baxmayaraq, 2020-ci ildən üzü bu yana üzvlük haqqını ödəyənlər yoxdur. 75 manat puldur, söhbət onların quruma qarşı məsuliyyətsizliyindən gedir. Siz bu quruma üzv olanda bilirsiniz ki, öhdəliyiniz var, üzvlük haqqı ödəməlisiniz. Bu qaydaları qəbul edirsiniz və sonra üzv olursunuz”.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən 58 yazıçı və şairin siyahısını yayımlayıb. AYB sədri Anar Rzayev isə üzvlük haqqını ödəməyənlərə fevralın 2-nə kimi vaxt verildiyini bildirib. Verilən müddətə kimi üzvlük haqqı ödəməyən yazıçı və şairlər birlikdən xaric olunacaq.

Bahar Rüstəmli
--> -->