
Orxan Nəbiyev
“Aydınlanma”
SSRİ yarandığı dövrdən kütləvi savadsızlıqla mübarizəyə start verdi. SSRİ-nin qurmaq istədiyi “ideal dövlətin” “ideal vətəndaşı” mütləq hər tərəfli savadlı, lakin eyni zamanda vicdan hissini itirmiş özünün şəxsi həyatını dövlət maraqlarına qurban verəcək kredosuna malik insanlardan ibarət cəmiyyət yaratmaq idi. Məhz bu cəmiyyət fərddən üstün olaraq kollektivləşməni əsas götürərək 70 il fəaliyyət göstərdi. Bu cəmiyyətin bir inamı var idi – dövlət hər şeyi bilir, dövlət bizi görür, dövlətin bildiyi məsləhətdir.
Bu cəmiyyət “kollektiv ayıb” anlayışını – “insanlar bilsə biabır olarıq” fikirinin üzərində quraraq saxta dəyərləri insana verərək insanın yaradıcı yarımkürəsinin üzərindən xətt çəkdi. Yaradıcılıq isə sırf “dövlətə lazım olan” səviyyədə “dövlət üçün” saxlanıldı.
SSRİ dağılandan sonra insanların həyat kredosu dəyişmədən qaldı. Ümid yeni gəncliyə idi.
Yeni gənclik yaradıcılığı əsas götürərək savadı deyil məhz təhsilə və aydınlanmaya üstünlük verdi. Belə ki, aydın insan müstəqil qərarvericiliyə söykənərək öz fəaliyyətini tələb-təklif prinsipləri çərçivəsində deyil, tam əksinə təklif-tələb formasında dövlətə təlqin etdi.
Post-sovet məkanında xüsusilə Azərbaycanda olan dövlət siyasəti 2005-ci ildən sonra fəaliyyət göstərən gənclərin yaydığı yaradıcılıq “virusuna” uyğun şəkildə islah olaraq bu gün aparıcı dövlət siyasətinə çevrilməkdədir. Hətta bu ilk əvvəllər oturuşmamış və immitasiya xarakteri alsa belə.
Hər bir cəmiyyət çoxluğun maraqlarını azlığın maraqlarına qurban verməkdə qərarlıdır, o vaxta qədər ki, azlıq passionar həddinə çatıb çoxluğun rasional dəyərlərini dəyişəbilsin. Bu zaman alternativlər meydana gəlir və bu alternativlər kollektivizmdən ayrılmış cəmiyyəti hərəkətə gətirir. Bu alternativlər - azad fərdlər təhsili əllərinə alaraq əsl vətənpərvərlik hisslərinə qapılıb fəaliyyətlərinin əsasında vicdanı üstün tuturlar.
Bu fərdlər digərlərlə müqayisədə digərlərindən tez və asan fərqlənirlər. Belə ki, onların fəaliyyətlərinin əsasında imitasiya deyil, əsl iradə, vicdan və minimum resurlarla maksimum nəticə görmək arzusu durub. Bu da sevgidən qaynaqlanır.
Bəzi hallarda bu bəzi insanları narahat etsə də, ümumi götürülmüş vahid siyasi xəttə mane olsa da, neqativ önyarğı bəxş etsə də ümumilikdə ümumi işə ziyandan çox xeyir verir. Ümumi iş isə insanların xoşbəxtliyidir. Belə ki, məşhur deyimdəki kimi: yeməyimizi, dostumuzu və sevgilimizi olduğu kimi qəbul etməsək, məyus olsaq, onlarda qüsurlar axtarsaq sonda biz bunlarsız qalırıq. Yəni ki, azad fərdlər onların fəaliyyət göstərdiyi dövlətin hakimiyyətindən bəzən qeyri-mümkünü tələb edəndə belə hakimiyyət onları aydın kimi qəbul edib fəaliyyətləri üçün imkanlar qurmalıdır. Əks təqdirdə dövlət yaradıcılıqsız qalacaq. Yaradıcılığın və rasional addımların qarışılıqlı fəaliyyətinin məntiqi sonu olaraq ortaya islahatlar çıxır. Bu isə sabaha yeni bir addımdır.
Hər bir cəmiyyətin gələcəyi onun gəncliyini fəaliyyətə cəlb edən qaynaqlardır. İslahatlar inkişafdır. İnkişaf rahat gələcəkdir. Rahat gələcəyin əsasında təhsil durur. Əsl təhsil məhz sözügedən aydınlanma prosesidir. Aydınlanma isə iradə, vicdan və sevgidən qaynaqlanır.