Bu dəfəki yazım həmişə münaqişələrə səbəb olan "boy problemi”dir. Üzümü tuturam xanımlara: Hələ də idealınız olan, axtardığınız kişini tapmamısınız? Bəlkə də axtarışlarınızı doğru yerdə aparmırsınız? Bir az aşağılara baxın.
Qadınlar öz ideallarını ifadə edərkən onu hər zaman hündür boylu təsvir edirlər. Əslində isə araşdırmalar alçaq boylu kişilərin daha mükəmməl həyat yoldaşı olduğunu müəyyən edir. Amerikalı alimlər qadınlara tövsiyə edirlər ki, ərə getmək üçün balaca boylu kişiləri seçsinlər.
Əslində hər şey elə qadınların hündür boylu kişilərə üstünlük verməsindən başlayır. Belə olduqda alçaq boylu kişilər intellektlərini inkişaf etdirərək daha yaxşı olduqlarını sübuta yetirməyə çalışırlar. Elə burda bəstəboylulardan olan Napaleon Bonapartın "Əgər mən ucala bilmirəmsə, dahi olacam” fikri yada düşür. Buna görə də adətən qısaboylu kişilər daha düşüncəli, daha dürüst və çalışqan olurlar.
Məsələn, 1.55 boyunda 72 kq olan bir kişi, 1.67 boyunda 72 kq olan bir kişiyə görə sizi daha yaxşı qoruyacaq. Eyni çəkiyə sahib olsalar belə, qısa boylu olan həmişə daha çevik, dayanıqlı, seksualdır, refleksləri qüvvətli, əzələləri isə daha güclü olur. Eyni zamanda, sümüklərinin tez qırılması kimi risk uzun boylu kişi ilə müqayisədə çox azdır.
Bəstəboy kişilərin intim həyatları da aktivdir. Alimlər yaş, boy, çəki, sağlamlığa əsaslanaraq cinsi aktivliyi müqayisə edərək bu nəticəyə gəliblər ki, bəstəboy kişilər qadınların daha çox diqqətini cəlb edirlər.
Həm də elmi olaraq sübut edilib ki, qısa boylu kişilər daha uzun ömür yaşayırlar və ürək xəstəliyinə tutulma riski uzun boylulara görə daha azdır. Havay Universitetinin aliməri iddia edirlər ki, bəstəboy kişilərdə FOXO3 geni mövcuddur. Bu genin sayəsində bədən ölçüləri kiçilir, ömür uzanır. Bəstəboy kişilərdə xərçəng xəstəliyinə yoluxmaq ehtimalı az olur.
Deyilənlərə görə, uca boylu kişilərin boylarına olan güvəni onlarda eqo yaradır. Onlar istədikləri qadınları əldə edə biləcəklərini düşünürlər. Və buna görə də adətən nəzakətsiz olurlar. Bəstəboylar isə bunun tam əksinə, həyatlarında olan qadınlara qarşı daha diqqətli, nəzakətlidirlər. Belə kişilər adətən romantik olurlar. Ailələrinə daha bağlı və sədaqətlidirlər.
Bu yerdə "Bir balaca boyu var, dam dolusu toyu var” məsəlini qeyd edəndə, yadıma başqa bir məsəl düşdü: "Uzunun ağlı topuğunda olar”. Amma düşünürəm ki, artıq hündür boylu kişilərə qarşı haqsızlıq etmiş oluruq. Elə burdaca bütün bu sadaladıqlarıma zidd olan, Londonun Edinburq İnstitunun və Aberdin Universitetinin alimlərinin ən son araşdırmasının nəticəsini sizə təqdim edirəm. Araşdırmalara görə, insanın boyu ilə İQ səviyyəsinin əlaqəsi var. Belə ki, alınan nəticələr ucaboy insanların qısaboylulardan ağıllı olduqlarını deyir. Alimlər 5 il ərzində müxtəlif testlərdən keçmiş 7000 insanı analiz ediblər. Onların hamısı dil, reaksiya sürəti və cavab vermək qabiliyyətlərini nümayiş etdirən testlərdə iştirak ediblər. Nəticədə alimlər bu qənaətə gəliblər ki, hündürboylu insanlar qısaboylulardan ağıllıdırlar. Bu 70% genetika ilə, 30% isə ətraf mühitin şərtləri ilə əlaqəlidir. Beləcə boy və intellekt arasındakı bağlılıq aşkar olunub. Onlar birmənalı olaraq bu qənaətə gəliblər ki, hündür insanlar daha ağıllıdırlar.
Statistikaya nəzər saldıqda isə görürük ki, son 10 ildə ölkə əhalisinin orta statistik boyu 0,5 sm qısalıb. Belə ki, əhalinin orta statistik boyu 167,6 idisə, son 10 ildə bu rəqəm 0,5 sm qısalaraq 167,1 sm-ə düşüb.
Onu da qeyd edək ki, boyun qısalması təkcə Azərbaycanda mövcud olan problemlərdən deyil. Bu problem dünyanın bütün ölkələrində özünü büruzə verir. Belə ki, son hesablamalara görə, dünya əhalisinin boyu 7 sm-ə qədər qısalıb.
Bizdən bu qədər. Seçim sizindir...
Nərmin Həsənli
Qaynarinfo.Az