Xəbər lenti

Azad Rəhimovun mağazaları köçürülür
Ölkə06:33 06.03.2013

Azad Rəhimovun mağazaları köçürülür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gənclər və idman naziri Azad Rəhimova aid olduğu iddia edilən mağazalar paytaxtın mərkəzindən köçürüləcək. Belə ki, məşhur xarici brendlərin Bakıda satışını həyata keçirən mağazaların icarə müddəti bitdiyindən yeni açılan “28 Mall”da yerləşəcəyi deyilir. Qeyd edək ki, bahalı butiklərin əksəriyyəti “Nizami” kinoteatrı yaxınlığında cəmlənib. Mağazaların nəqliyyatın sıx olduğu 28 May küçəsində yerləşməsi isə bir başqa problemə səbəb olub. Belə ki, mağazalara alış-verişə gələn müştərilərin avtomobillərini ensiz küçədə saxlaması, ərazidə heç bir dayanacağın olmaması günün bütün saatında şəhərin mərkəzində böyük tıxacların yaranmasına səbəb olub.

Bir başqa məlumatda isə deyilir ki, mağazaların köçürülməsi icarə müddətinin bitməsi ilə yox, prezidentin vaxtilə “Nizami” kinoteatrının təmirdən sonra açılış etdiyi zaman verdiyi göstərişlə bağlıdır. Qeyd edək ki, ölkə başçısı İlham Əliyev kinoteatrın açılışında iştirak edən zaman ərazidəki butiklərin yeni açılan ticarət mərkəzilərində yerləşməsinin daha məqsədəuyğun olması ilə bağlı göstəriş verib. 

Bir müddət əvvəl “Yeni Müsavat” nazir Azad Rəhimovun biznes imperiyası ilə bağlı araşdırma aparmışdı. Həmin araşdırmada qeyd olunurdu ki, A.Rəhimov nazir postuna gətirilməzdən qabaq biznes fəaliyyəti ilə məşğul olub. Onun biznesinin əsasını mebel ticarəti təşkil edib. A.Rəhimov hələ o vaxtlar Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb.

Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib. “İtaldizayn” şirkətinə şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.

Hazırda nazirə məxsus olduğu deyilən holdinqin prezidenti Elçin Zeynalov olsa da, bütün maliyyə hesabatlarını nazirin köməkçisi Fuad Hadıyev aparır.(musavat.com)