
“Azadlıq” qəzeti noyabrın 15-də keçirdiyi marafon nəticəsində 13 min 500 manat pul toplayıb.
Məlumatı “Media forum” saytına qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev verib. Rahim Hacıyev bildirib ki, noyabrın 15-i axşamadək toplanmış bu məbləğin hamısı “Azərbaycan” nəşriyyatına ödənib. Ona görə də nəşriyyat qəzetin çapının bərpasına razılaşıb və “Azadlıq” qəzeti noyabrın 16-da köşklərdə olacaq.
Marafon hələ davam edir. “Azadlıq” qəzeti noyabrın 13-dən işıq üzü görmür. Nəşriyyata 25 min manata yaxın borcu olduğuna görə qəzetin çapı dayandırılıb. “Azadlıq”ın üstündə 65 min manat məhkəmə cəriməsi də var.
“Azadlıq”ı qorumaq marafonu noyabrın 15-dən strat götürüb. Marafon AXCP-nin Bakıdakı mərkəzi qərargahında keçirilir. Noyabrın 15-də ödənən vəsaitdən sonra qəzetin nəşriyyata 11 manat 500 manata yaxın borcu qalır.
Qaynar.info