
“Qasid” firmasında “Azadlıq” qəzetinin satışından əldə olunan 45 min manat borc yığılıb qalıb. İyulun 19-da qəzetin əməkdaşları mətbuat yayımı firmasının ofisi qarşısında etiraz aksiyası keçirib, borcun verilməsini tələb ediblər.
Eyni zamanda “Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatına borcu var. Nəşriyyat xəbərdarlıq edib ki, qısa müddət ərzində borc ödənməsə, qəzetin çapı dayandırılacaq. “Azadlıq” qəzeti “Qasid”in borcunu ödəməməsinin redaksiyanı bu vəziyyətə gətirib çıxardığını bəyan edir.
“Media forum” saytına açıqlamasında “Azadlıq”ın baş redaktor müavini Rahim Hacıyev deyib ki, iyulun 29-da keçirilən görüş “Qasid”in təşəbbüsü ilə baş tutub: “Görüşdə mətbuat yayımı firmasının rəhbərliyi bizə olan borcun çox cüzi hissəsini ödəmək istədiyini bildirdi. Təbii ki, bununla razılaşmadıq və yaxın günlərdə yenidən görüşmək üçün vaxt təyin olundu. Borcumuz ödənməsə, biz yenidən aksiyalar keçirəcəyik. Çünki redaksiyanın vəziyyəti ağırlaşır, yayım firması isə ciddi addım atmaq fikrində deyil.
Nəşriyyatla bağlı məsələni də belə qoymuşuq ki, “Qasid” firması bizə olan borcunu ödəyəndən sonra nəşriyyatın borcunu ödəyəcəyik”.
Qaynar.info