Xəbər lenti

AZAL biletlərin bahalanma səbəbini açıqladı: “Bu, bizdən asılı deyil”
Ölkə10:58 24.02.2015

AZAL biletlərin bahalanma səbəbini açıqladı: “Bu, bizdən asılı deyil”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“AZAL təyyarə biletlərinin qiymətini qaldırmayıb. Manatın avroya nisbətən ucuzlaşması səbəbindən hazırki məzənnələrə uyğun olaraq, qiymətlər dəyişib”. 

Bu sözləri musavat.com-a açıqlamasında “Azərbaycan Hava Yolları” (“AZAL”) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli təyyarə biletlərinin qiymətinin artmasına münasibət bildirərkən deyib. 

Məhərrəm Səfərlinin sözlərinə görə, istər beynəlxalq, istərsə də yerli uçuşların tarifləri əvvəlki kimidir: “Sadəcə olaraq, bu tariflər avro ilə hesablandığı üçün bu valyutanın bahalaşması qiymətlərə də adekvat təsir göstərib. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının tələbinə əsasən, avrozonada olan bütün ölkələrdə aviabiletlər avro kursu ilə satılır. Avro manata nisbətdə bahalaşdığı üçün biletlər də bahalaşıb. Ancaq bunu “AZAL qiymətləri qaldırdı” kimi təqdim etmək düzgün deyil. Çünki bu bizdən asılı olan bir məsələ deyil”.

AZAL rəsmisinin sözlərinə görə, əgər avro əvvəlki məzənnəyə qayıtsa, biletlər də ucuzlaşacaq.

Qeyd edək ki, avronun bahalaşmasının ardından “Azərbaycan Hava Yolları”   QSC-nin həyata keçirdiyi uçuşların qiyməti təxminən 25-30 faiz artıb.

Musavat.com-a açıqlamasında bu məsələni şərh edən iqtisadçı ekspert Qubad İbadoğlu da bildirdi ki, beynəlxalq aviasiyada qiymət siyasəti həmin ölkənin yerli valyutasına ekvivalent olaraq, avro ilə hesablanır və bu metod yalnız AZAL-a məxsus deyil: “Digər beynəlxalq şirkətlər də eyni qaydada öz biletlərinin qiymətini avronun yerli valyutaya olan ekvivalenti ilə hesablayırlar. Bu baxımdan, hazırki məzənnə dəyişiklikləri qiymətlərə birbaşa təsir edir. AZAL-ın qiymətləri dəyişməmək kimi bir alternativi yox idi. Çünki aviaşirkətlərin həyata keçirdiyi bütün beynəlxalq ödənişlər avro ilə reallaşdırılır. Xarici ölkələrin aeroportlarına edilən ödənişlər, orada yanacaq alışı və sair avro ilə həyata keçirilir”. 

Ekspert onu da vurğuladı ki, AZAL ölkədaxili uçuşları yerli valyuta ilə həyata keçirə bilər: “Daxili uçuşlarda bütün ödənişlər yerli valyuta ilə həyata keçirilir. Bu baxımdan, AZAL daxili uçuşların qiymətini dəyişməyə də bilər. Düzdür, orada ümumi tarif siyasətindən irəli gələrək, qiymətləri dəyişirlər. Ancaq daxili uçuşlar yerli valyuta ilə hesablana və əvvəlki qiymətində saxlana bilər”.

Qaynar.info