Xəbər lenti

“AZAl”ın “bazarı bağlanır”: Aeroportlar özəlləşməyə çıxarılır
Ölkə16:26 06.04.2017

“AZAl”ın “bazarı bağlanır”: Aeroportlar özəlləşməyə çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çingiz İsmayılov: “Başqa şirkətlərin fəaliyyəti rəqabət baxımından qiymətlərin tənzimlənməsinə təsir edəcək”

Xaricdən turist axınını artırmaq üçün ölkədaxili aeroportların özəlləşdirilməsinə ehtiyac var. Bu fikirlə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında "Turizm haqqında" qanun layihəsinin müzakirəsi zamanı turizm şirkətlərindən birinin rəhbəri Ruslan Quliyev dilə gətirib. İclasda eyni zamanda otellərə ulduzların verilməsi prosesinə ciddi yanaşılması və bu prosesə nəzarətin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icra edilməsi təklif edilib."Turizm haqqında" qanun layihəsi Komitənin iclasında qəbul edilərək parlamentin plenar iclasına tövsiyyə olunub.

Bu təklif prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda AZAL-ı sərt tənqid etdiyi çıxışını yada salır. Belə ki, ölkə başçısı iclasda xüsusi olaraq AZAL-da biletlərin qiymətlərinin bahalılığı məsələsinə də toxunmuşdu: “Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən kerosini ucuz qiymətə verilir axı... Nəyə görə qiymətlər bahadır?AZAL dövlət tərəfindən böyük subsidiyalar alır.Bütün təyyarələr dövlət büdcəsi hesabına alınır.Bütün hava limanları və bütün şərait dövlət hesabına tikilir.Nəyə görə biletlərin qiyməti baha olmalıdır?”

Bu məsələnin turizm sahəsində çalışan sahibkar tərəfindən yenidən gündəmə gəlməsi, problemin hələ də həll olmadığını sübut edir.Maraqlıdır, görəsən ölkə turizmin inkişafı AZAL-ın inhisarından qurtulmaq və ucuz aviaxidmətlərin təşkilindən keçir?

Azərbaycan Regional İnkişaf Mərkəzinin direktoru Çingiz İsmayılov “Cümhuriyət” qəzetinə bildirib ki, nəqliyyat strateji bir sahədir. O qeyd edib ki, Azərbaycan balaca dövlət olsa da burda 7-8 hava limanı fəaliyyət göstərir:

“Bu hava limanları içərisində bir qədər fəal olanları Bakı, Gəncə , Naxçıvan və Qəbələdir. Burada həm ölkədaxili, həm də xarici aviareyslər həyata keçirilir.İndiki şəraitdə bu sahəni özəlləşdirmək qətiyyən olmaz.Təbii ki, başqa şirkətlərin fəaliyyəti rəqabət baxımından qiymətlərin tənzimlənməsinə təsir edəcək.Əlbəttə, AZAL-da qiymətlərin yüksək olması xoşagələn hal deyil.Prezident də çıxışlarının birində qeyd etmişdi ki, AZAL dövlət şirkətidir və təyyarələri ona dövlət alır.Buna görə də qiymət onun istədiyi kimi olmalı deyil.Yəni, rəqabətə davamlı olmalıdır.İnsanların çoxu başqa ölkəyə getmək üçün Tiflis hava nəqliyyatından istifadə edir.Niyə biz halal zəhmətlə qazandığımız pulu Gürcüstan büdcəsinə verməliyik?Çünki ilk növbədə qiymətlərdə çox böyük fərq var. Bunun üçün müvafiq dövlət qurumları qiymətləri tənzimləməlidir.Ancaq ölkə daxilində başqa bir aviaşirkət yaratmaq balaca dövlət üçün o qədər də məqsədə uyğun deyil.Müqayisə üçün bildirim ki, qonşu Ermənistanın heç aviaşirkəti yoxdur.Türkiyədə bir neçə aviaşirkət olsa da, ancaq dünyada Türk Hava Yolları tanınır”.

Ekspert dövlətin turizmin inkişafı üçün kifayət qədər addımlar atdığını da diqqətə çatdırıb. O bildirib ki, buna baxmayaraq hamı yenə də Gürcüstana gedir:

“Əslində Azərbaycan rəqabətə davamlı deyil. Gələn turistlərin hərəkət istiqamətinə baxsaq, görərik ki, onlar Gürcüstanda 10 gün, Azərbaycanda 2 gün qalır.Səbəb yenə də qiymətlərdir.Əgər biz qiymətlərin tənzimlənməsi üçün müvafiq addımlar atmasaq, dövlət büdcəsindən turizmə qoyulan vəsait batır və istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Gürcüstanın rəsmi məlumatına görə ötən il 6 milyon insan istirahət edib. Öz əhalisindən təxminən iki dəfə çox. Qoy Azərbaycanda rəsmi strukturlar cavab versin ki, nə qədər adam yox, nə qədər turist gəlib? Gürcüstan 3 milyon əhalisi ilə 6 milyon turist qəbul etdiyi halda, bəs Azərbaycan 10 milyon əhalisi ilə nə qədər turist qəbul edib? Bu suallara cavab verilsə, ölkənin turizm sahəsindəki mənzərəsi açılacaq.Halbuki Azərbaycanın turizm obyektləri çoxdur, təbii şərait Gürcüstanla müqayisədə daha zəngindir.Azərbaycan dövləti Gürcüstandan fərqli olaraq turizmə daha çox vəsait qoyub, daha geniş imkanlar yaradıb.Bəs bu imkanlar niyə istifadə olunmur?Deməli, bu sahənin idarəetməsində boşluqlar var, səmərəli deyil”.

Çingiz İsmayılov onu da vurğulayıb ki, Gürcüstan ölkəyə turist cəlb etmək baxımından maraqlı təkliflərlə çıxış edir: “Azərbaycanın bu sahədə çalışan mütəxəssisləri çalışıb bir-birindən maraqlı ideya və təkliflər verməlidir. Turizm sahəsi ilk öncə ölkə vətəndaşı üçün lazımdır.Vacibdir ki, yerli əhali istirahət üçün xaricə qaçmasın, alın tərilə qazandığı pulları xarici ölkələrin iqtisadiyyatına tökməsin. Hesablanmalıdır ki, gələn turist ölkə iqtisadiyyatına  nə qədər xeyir verəcək və bundan ölkə vətəndaşı nə qədər qazanacaq? Bu kimi məsələlər yaddan çıxıb.Mütəxəssislər bu sahədə təhlillər aparmalıdır.Ölkəni tanıtmaq da önəmli şərtdir.Turizm Nazirliyi adi bir kabinet kimi rayonlarda olmalı deyil.Onlar oturmalı deyil, bukletlər paylamalıdır.Onlar üçün ölkəyə kimin gəlib-getməsi maraqlı olmalıdır.Sovet dövründə belə bir psixologiya vardı ki, aylıq pulunu verirlər, oturur.Belə olmalı deyil.İşin keyfiyyəti, nəticəsi olmalıdır.Onda dövlətin apardığı siyasətdə fəal iştirak etmiş olursan.Əgər bu sahədə çalışırsansa, beynin işləməlidir.Bu sahə üzrə məqsədyönlü işlər görülməsə, irəliləyə bilmərik.Turizm rəqabətli sahədir”(cəbhə.info)

Qaynar.Az