
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib.
Qaynar.info-ya etibarlı mənbələrdən daxil olan məlumat görə Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb.
Məsələ ilə bağlı Azər Sarıyevlə əlaqə saxlasaq da, o, bu barədə açıqlama vermək istəmədi.
AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov Qaynar.info-ya açıqlamasında Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: " Azər Sarıyev işdən çıxarılmayıb. O, öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə, uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi".
Xatırladaq ki, Azər Sarıyev jurnalistikaya “Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri kimi fəaliyyət göstərib. Daha sonra “Palitra” qəzetində baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” İnformasiya Agentliyi ilə də əməkdaşlıq edib.
6 il jurnalistikada (3 il reportyor, 3 il baş redaktor) işlədikdən sonra 2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı.
Qaynar.info