8-11 may tarixlərində Sloveniyanın Krajinska Gora şəhərində III Beynəlxalq Kulinariya Çempionatında Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərovanın rəhbərliyi ilə milli kulinariya komandamız iştirak edib.
Qaynarinfo xəbər verir ki, "Krajinska Gora-2018 " Sloveniyanın 3-cü dəfə keçirilən ən mötəbər kulinariya yarışlarından biridir. Bu yarışda 15 ölkədən (Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliya, Türkiyə, Slovakiya, Makedoniya , Bosniya Hersoqvinya, Macarıstan, Səudiyyə Ərəbistanı, Bolqarıstan, Avstriya) 400-dən çox aşpaz iştirak edib. Münsiflər heyətində Mavritaniya, Mərakeş, Xorvatiya, Rumıniya, Serbiya, Sloveniya, İtaliyadan olan münsiflər iştirak edib.
Yarışmanın ilk günü aşpazlar Seymur Cavadov və Nicat Babayev 46 digər ölkə aşpazları ilə birlikdə milli mətbəx sinifində yarışa başlayıb. Aşpazlarımız bu yarışda 1 qızıl və 1 gümüş medallar qazanıb.
Yarışmanın ikinci günü Seymur Cavadov və Nicat Babayev müasir mətbəx sinifində iştirak edib. Seymur Cavadov qızıl, Nicat Babayev isə gümüş medallar qazanıb.
Seymur Cavadov 2 qızıl medal qazandığı üçün finala çıxan 4 iştirakçıdan biri olub və qara qutu yarışmasında iştirak edib. Azərbaycan finalda ikinci yerə çıxaraq çempionatın 2-ci yer kubokunu qazanıb.
Nicat Babayev çempoinatın ən gənc və kreativ peşəkar aşpazı kimi kuboka və diploma layiq görülüb.
Beləliklə komandamız 5 yarış sinfində 5 nəticə (2 qızıl, 3 gümüş) göstərib.
Tədbir zamanı Sloveniyadakı diplomatik nümayyəndəliyin rəhbəri Orxan Hacıyev yarış yerinə gələrək komandamıza dəstək olub. Tədbir bitdikdən sonra komandamız Orxan Hacıyevin təşkilatçılığı ilə Lyublyana şəhərində yerləşən diplomatik nüməyyəndəliyi və Çepovan kəndində Mehdi Hüseyinzadənin məzarını ziyarət edib.
Göstərdiyi köməyə görə, Azərbaycan Milli Kulinariya Mərkəzi Mədəniyyət Nazirliyinə, "Azərsun Holding”in "Super Sun" yağlarına öz minnətdarlığını bildirib.
Azərbaycan aşpazları həmçinin Abdulla Əmiraslanov, İlhamə Məmmədova, Rövşən Qəniyev, Milli Kulinariya Mərkəzinin baş texnoloqu Gülnar Ələsgərovanın rəhbərliyi ilə 30.04.2018 - 03.05.2018 tarixində İranın Zəncan şəhərində keçirilən "İpək yolu mətbəxi” Festivalında iştirak edib.
Festivalda 10 ölkə (Azərbaycan, Tacikistan, Pakistan, Suriya, Özbəkistan, Çin, Türkiyə, Lübnan, Yəmən, Iran) iştirak edirdilər. Tədbirin açılışında Zəncan şəhərinin rəhbərliyi, Azərbaycanın Tehrandakı konsulu iştirak edib.
Festivalın 1- ci günü kulinarlar Azərbaycan xörəklərindən buğlama, lavaşarası dürmək, atılama, təvəz salatı, çöpdə kabab hazırlayıblar.
02.05.2018- 03.05.2018 tarixlərində quzu qovurması, tərxun şərbəti, çoban salatı, qazan kotleti, koroğlu kababı, limon şərbəti, Bakı salatı toyuq çığırtması hazırlanıb.
03.05.2018 tarixdə tədbirin sonunda iştirakçıların mükafatlandırma mərasimi keçirilib. İştirakçılara diplom və tədbirin kuboku təqdim edilib.