24 may 2016-cı il tarixində Azərbaycan Avropa Hərəkatının üzvü, hazırda Parisdə yaşayan Aysel Novruzzadə Çingiz qızı hərəkatın Fransa Respublikasındakı rəsmi nümayəndəsi təyin olunub. Hərəkatın prezidenti Ramin Hacılının bildirdiyinə görə, bu barədə qərar hərəkatın İdarə Heyətinin son iclasında alınıb.
Ramin Hacılı eyni zamanda bildirib ki, təyinatın verilməsində Fransa Avropa Hərəkatı ilə əlaqələrin intensivliyi və müştərək layihələrin kordinasiyası səbəbi ilə çevikliyin təmin edilməsi üçün Parisdə nümayəndəlik açmağa ehtiyac yaranıb. Yuxarıda qeyd olunan səbəblərdən irəli gələrək Aysel Novruzzadənin namizədliyi daha məqsədəuyğun hesab olunub.
Aysel Novruzzadə hal-hazırda Fransanın Alliance Francais Universitetində təhsil alır, Pimgradioda Azərbaycanla bağlı "Kulis" verilişinin ideya müəllifi və aparıcısıdır.
Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatı 2012-ci ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiya prosesinə dəstək olmaq və bu ideyanı özündə birləşdirən qurumların, həmçinin fərdlərin birləşdiyi platforma yaratmaqdır.