
Bu gün İsveçin paytaxtı Stokholm şəhərində “Eurovision 2016” müsabiqəsinin ilk yarımfinal mərhələsi baş tutacaq.
Axşam.az-ın məlumatına görə, “Qloben Arena”da baş tutacaq yarışmada 61 ölkə iştirakçısından 18-i səhnəyə çıxacaq.
Azərbaycan təmsilçisi Səmra Rəhimli də ilk yarımfinalda çıxış edəcək. O, "Miracle" (“Möcüzə”) mahnısını 14-cü sırada oxuyacaq.
Səhnədə S.Rəhimli ilə bərabər, 4 rəqqas və bir bek-vokalçı olacaq. Azərbaycanlı müsabiqə iştirakçısının çıxışı pirotexniki effektlə müşayiət olunacaq.
İlk yarımfinalda S.Rəhimlidən başqa, həmçinin Finlandiya, Yunanıstan, Moldova, Macarıstan, Xorvatiya, Hollandiya, Ermənistan, San Marino, Rusiya, Çexiya, Kipr, Avstriya, Estoniya, Çernoqoriya, İslandiya, Bosniya və Herseqovina və Malta iştirakçıları çıxış edəcək.
Qeyd edək ki, müsabiqə ilə bağlı bir maraqlı detalın da üstü açılıb. Belə ki, dünya şöhrətli amerikalı müğənni Castin Timberleykin də "Eurovision" səhnəsində çıxış edəcəyi məlum olub. O, mayın 14-də Böyük finalın fasiləsi zamanı "Can’t stop the feeling!" hitini ifa edəcək.
"Eurvision"a saat 23:00-da İTV-də canlı baxa bilərsiniz.
Qaynarinfo.az