
Bakı şəhəri, Nərimanov rayonu Kaveroçkin 36, mənzil 38 ünvanında yaşayan Sultanova Aynurə Azad qızı Azərbaycanın birinci vitse-prezidentindən kömək istəyir.
"Qaynarinfo" ixtisasca həkim olan Aynurə Sultanova üzləşdiyi qanunsuzluqlarla bağlı Mehriban xanım Əliyevaya ünvanladığı müraciəti olduğu kimi təqdim edir:
"Hörmətli Mehriban xanım!
Nəzərinizə çatdırım ki, karate üzrə qara kəmər ustası və Azərbaycan Respublikası Çempionuyam, ixtisas üzrə həkiməm. Atam Sultanov Azad rəhmətə getdikdən sonra tanımadığımız bir şəxs (Sultanov Şir) saxta yollarla əldə etdiyi doğum haqqında şəhadətnamə ilə Gəncə şəhər 3 saylı notariat kontorunda özünü atamın vərəsəsi elan etmişdir. Baxmayaraq ki, atamın rəsmi həyat yoldaşı və övladları var. Saxta yolla qazandığı vərəsəlikdən istifadə edərək Gəncə şəhər Ruzigar Qasımov 75 ünvanında yerəşən torpaq sahəsini ələ keçirib və saxta sənədlərlə Dünyamalıyeva Mehriban Çingiz qızına satıb.

Diqqətinizə çatdırıram ki, prokurorluq tərəfindən Sultanov Şirin evi saxta sənədlərlə ələ keçirməsi təsdiq olunub. Belə ki, onun doğum haqqında şəhadətnaməsi 07.08.1978-ci il təvəllüdlü İlyin Denis adlı şəxsə məxsusdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən iş prokurorluqdan araşdırmanın davam etdirilməsi üçün polisə göndərilib. Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi polis mayoru Amil Əliyevin qərarına əsasən cinayət məsuliyyətinin müddəti keçdiyinə görə Sultanov Şir məhkum olunmamışdır. Bunun ardından Sultanov Şir Gəncə şəhər Nizami rayon məhkəməsində atalıq iddiası qaldırıb, lakin iddiası təmin olunmayıb.
Biz də öz növbəmizdə Yasamal rayon məhkəməsində doğum haqqında şəhadətnamənin etibarsızlığı ilə bağlı məsələ qaldırdıq. Bunun qarşılığında Sultanov Şir yenidən atalıq iddiasını qaldırır. Yasamal rayon məhkəməsi 12.03.2015 tarixli 2/004/-1323/2015 saylı qətnamə çıxarır ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvəyyə minmiş qərarı var və buna görə də bir məsələyə ikinci dəfə baxmaq olmaz. Buna baxmayaraq qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə şikayət edir və məhkəmə tərəfindən şikayəti təmin olunur. Biz də öz növbəmizdə Ali Məhkəməyə Kassasiya şikayət ilə müraciət etdik. Şikayətimiz hakim Qəhrəman Allahverdiyev tərəfindən təmin olunmuşdur. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsi məhkəməsinə qaytarıldı. Apellyasiya Məhkəməsinin hakimi Abidin Hüseynov tərəfindən Ali Məhkəmənin qərarında göstərilən məcburi göstərişlərə məhəl qoyulmayıb. Belə ki, Ali Məhkəmənin qərarında müəyyən edilmiş mübahisənin ədalətli həll edilməsi üçün hər cür şübhədən kənar sübut kimi DNT analizi keçirilməsi qeyd edilmişdir.
Abidin Hüseynovun nə şəxsi maraqları var ki, Ali Məhkəmənin göstərişlərini nəzərə almır. Belə olduqda Sultanov Şir protokolların qeydlərinə əsasən DNT analizindən imtina etməklə saxta sənədlərdən istifadə edir və Abidin Hüseynovun köməkliyi ilə 28 yaşında “Atalığın etiraf edilməsi faktı”nı özünə təmin edir.
Hörmətli Mehriban xanım!
Kassasiya şikayətimizə hakim Qürbət Əskərov (İş nömrəsi: 2(102) – 54822017) tərəfindən 09.08.2017 ci il tarixində baxılacaq.
Haqq ədalətin öz yerini tapmağına köməklik etməniz tapşırıq verməyinizi Sizdən xahiş edirəm.
Əvvəlcədən öz minnətdarlığımı bildirirəm".
Qaynarinfo.Az