"Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus dəmir yolu avadanlıqlarını oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub.
Qaynarinfo xəbər verir ki, iş materiallarına əsasən, təqsirləndirilən şəxslər maddi gəlir əldə etmək məqsədilə Beyləqan rayonu ərazisindən keçən dəmir yolu xətlərində yerləşən köhnə ağac şpalların üzərindəki rels altlıqlarını və şpal mıxlarını sökərək metal qəbulu məntəqəsinə satmağı planlaşdırıblar.
Onlar iki ayrı tarixdə Vətəgə–Daşburun və Daşburun–Bəhmənli dəmiryolu mənzillərinin müxtəlif hissələrindən ümumilikdə 41 ədəd R-65 tipli rels altlığı və 560 ədəd şpal mıxını gizli yolla oğurlayıblar.
Nəticədə "Azərbaycan Dəmir Yolları” QSC-yə 760,63 manat məbləğində maddi ziyan dəyib. Təqsirləndirilən şəxslər oğurlanmış əmlakı metal qəbulu məntəqəsinə apararkən polis əməkdaşları tərəfindən saxlanılıblar. Oğurlanmış dəmir yolu avadanlıqları aşkar edilərək götürülüb.
Məhkəmə baxışı zamanı hər iki təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi əməldən peşman olduğunu bildirib. Onlar vurulmuş zərərin ödənildiyini və zərərçəkmiş tərəflə barışıq əldə olunduğunu da qeyd ediblər.
Məhkəmə onların əməlini Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) və 177.2.3-2-ci (boru kəmərləri, rabitə, enerji, neft, qaz, su, istilik xətləri və digər kommunikasiya sistemlərinin, o cümlədən dəmir yolu infrastrukturunun elementlərinə münasibətdə oğurluq) maddələri ilə tövsif edərək hökm çıxarıb.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən biri 2 il, digəri isə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onların şübhəli şəxs qismində həbsdə saxlanıldıqları müddət qanunvericiliyin tələblərinə uyğun olaraq təyin edilmiş cəzadan çıxılıb.
Seyid
Şərhlər